
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.
Əlavə məlumat veriləcək.
***
Hadisə yerindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub.
***
Partlayış Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park Yaşayış Kompleksi, 25-ci küçədə baş verib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hadisə binanın ikinci mərtəbəsində qeydə alınıb.
Belə ki, binaya yeni köçən ailə – ana ilə üç övladı hadisə nəticəsində xəsarət alıblar. Uşaqlardan biri partlayışın zərbəsi nəticəsində pəncərədən küçəyə düşüb.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları təcili olaraq xəsarət alan ailə üzvlərini xəstəxanaya aparıblar.
İlkin ehtimala görə, evdə qaz sızmasından xəbərsiz olan ailə yeni köçdükləri evdə işığı yandırarkən partlayış baş verib.
Partlayışın zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
Zaira Akifqızı
Globalinfo.az