Azərbaycanda çoxmənzilli yaşayış binalarının idarə olunması sahəsində sakinlərin narazılığına səbəb olan problemlər davam edir. Mənzil-kommunal xidmətləri üçün toplanan vəsaitlərin xərclənməsində şəffaflığın olmaması, komendantların özbaşınalığı, qaraj yerləri və digər xidmətlərlə bağlı qanunsuz ödəniş iddiaları sektorda nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir.
Bəs bu sahədə mövcud qanun pozuntularının qarşısını almaq, sakinlərin hüquqlarını qorumaq və idarəetmədə şəffaflığı təmin etmək üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, çoxmənzilli yaşayış binalarının idarə edilməsi sahəsində ciddi problemlər mövcuddur:
“Hazırda bu binalarda yaşayan 1 milyondan çox istehlakçının hüquqları lazımi səviyyədə qorunmur. Sakinlərdən müxtəlif məqsədlərlə vəsait toplansa da, həmin pulların xərclənməsində şəffaflıq təmin edilmir, bəzi hallarda isə toplanan vəsaitlərdən şəxsi maraqlar naminə istifadə olunur. Çoxmənzilli binaların cəmi 10 faizində idarəetmə qanunvericiliyə uyğun təşkil edilib. Təxminən 2700-2800 binanın yalnız 10 faizində müştərək cəmiyyət yaradılıb. Lakin müştərək cəmiyyətlərin fəaliyyət göstərdiyi binalarda belə şəffaflıq problemi qalmaqdadır. Maliyyə və idarəetmə sahəsində özbaşınalıq halları müşahidə olunur. Bəzi şəxslər qapı-qapı gəzərək, imza toplamaqla idarə heyətinə sədr seçilsələr də, sonradan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maliyyə pozuntularına yol verirlər. Demək olar ki, yaşayış komplekslərinin əksəriyyətində sakinlərə mütəmadi maliyyə hesabatları təqdim edilmir. Bu səbəbdən sektorda ciddi islahatların aparılmasına ehtiyac var”.
Ekspertin fikrincə, ilk növbədə, dövlət nəzarət mexanizmləri gücləndirilməli, binaların idarə olunması və maliyyə fəaliyyəti yoxlanılmalı, qanun pozuntularına yol verən rəhbər şəxslər məsuliyyətə cəlb edilməlidir:
“Əks halda, uzun illərdir davam edən bu problemlər gələcəkdə də qalacaq və bundan ən çox sakinlər, mülkiyyətçilər zərər çəkəcəklər. Çoxmərtəbəli yaşayış binalarında özbaşına tariflərin müəyyənləşdirilməsi, idarə heyətinin iclaslarının qanunsuz təşkili, sənədlərin saxtalaşdırılması, maliyyə hesabatlarında sakinlərin imzalarının toplanması və yığılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi kimi hallar mövcuddur. Eyni zamanda, binalarda sakinlərin təhlükəsizliyinin təmin edilməsi, mühafizə və davranış qaydalarının müəyyənləşdirilməsi ilə bağlı da ciddi çatışmazlıqlar var.
Elnur Azadov
Problemlər kommunal və digər xidmətlərin təşkili sahəsində də özünü göstərir. Məsələn, bəzi yaşayış komplekslərində internet provayderlərindən binaya qoşulmaq üçün müəyyən məbləğdə ödəniş və ya faiz tələb olunur. Bəzi hallarda isə bina rəhbərliyi özünün yaratdığı və ya tərəfdaşlıq etdiyi internet xidmətlərini sakinlərə təqdim edir, digər provayderlərin həmin komplekslərə daxil olmasına mane olur. Bu isə sakinlərin xidmət təminatçısı seçmək imkanlarını məhdudlaşdırır”.
E Azadov bildirib ki, eyvanların bağlanması üçün sakinlərdən əlavə ödəniş tələb edilməsi, qaraj yerlərinin bölüşdürülməsində qanunsuzluqlar və rüşvətxorluq halları da müşahidə olunur:
“Qarajlarda yer çatışmazlığından istifadə edən bəzi şəxslər komendanta qeyri-rəsmi ödəniş etməklə yer əldə edə bilirlər. Həmçinin qaraj yerlərinin müəyyən şəxslərdən alınaraq daha yüksək qiymətə başqalarına satılması kimi manipulyasiyalara yol verilir. Oxşar müdaxilələr kommersiya obyektlərinin idarə olunması və istifadəsi zamanı da baş verir. Əksər hallarda sakinlərin və mülkiyyətçilərin maraqları lazımi səviyyədə qorunmur. Binanın həyətinin təmizlənməsi, rənglənməsi, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir işləri adı altında sakinlərdən əlavə vəsait toplanılır. Lakin bu pulların necə xərcləndiyi barədə ətraflı məlumat verilmir. Təəssüf ki, belə problemlər yaşayış binalarının böyük əksəriyyətində, hətta 99 faizində mövcuddur. Sakinlər isə çox vaxt bu hallarla mübarizə aparmaqda çətinlik çəkirlər. Onların bir qismi qanunvericiliyin tələblərini bilmədiyindən mövcud idarəçilərin və ya idarə heyətinin sədrlərinin dəyişdirilməsi üçün hansı addımları atmalı olduqlarından xəbərsizdir”.
Elnur Azadov əlavə edib ki, əslində, bu sahədə hüquqi baza mövcuddur:
“Lakin qanunvericiliyin tələbləri sakinlər arasında geniş şəkildə təbliğ edilməli, onların hüquq və vəzifələri barədə maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə yerli bələdiyyə və icra hakimiyyəti orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Bununla yanaşı, bəzi hallarda yaşayış komplekslərinin rəhbər şəxslərinin məhz həmin qurumlarla əlbir fəaliyyət göstərməsi də problemlərin həllini çətinləşdirir”.
Zaira Akifqızı
Globalinfo.az