Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevi 8 il xüsusi rejimli həbs cəzasına məhkum edib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə onu cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilib. Akoyevə həmçinin 1,5 milyon rubl cərimə kəsilib. Dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaqın məlumatına görə, Akoyev 2008-ci ilin noyabrında həbsxanada olarkən “qanuni oğru” statusu alıb. Onun kriminal aləmdə nüfuzlu şəxslərdən biri olan Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu Timur Mirzoyevin himayəsi ilə bu statusa yüksəldiyi bildirilir.
İttihama əsasən, Giya Sverdlovski kriminal aləmin ümumi pul fonduna (“obşak”) nəzarət edib, cinayətkar qruplar arasındakı münaqişələri həll edib və kriminal ənənələri təbliğ edib.
Akoyev 2025-ci ilin oktyabrında saxlanılıb. Onun evində və ofisində aparılan axtarış zamanı bəzəkli xəncər və katana qılıncı götürülüb.
Məhkəmədə təqsirini qəbul etməyən Akoyev hökmü sakit qarşılayıb. Hakimin qərarı anlayıb-anlamadığı barədə sualına isə “Bəli, möhtərəm hakim, təəssüf ki, anladım” cavabını verib.
Onun həyat yoldaşı hökm oxunarkən göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, Giya Sverdlovski “Ded Xasan”ın ölümünə görə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskini özünün “qan düşməni” elan etmişdi.