huucmputin 900x473 1

ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar prosesi son raket zərbələri fonunda ciddi sual altına düşüb.

Moskva və Kiyevin qarşılıqlı hücumları yenidən intensivləşdirməsi irəli sürülən diplomatik təşəbbüslərin nəticə verməsini olduqca çətinləşdirir.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, mövcud şərtlər daxilində Rusiya-Ukrayna münaqişəsinin nəinki sona çatması, hətta müəyyən qədər yumşaq mərhələyə keçməsi belə ciddi sual altındadır:

“Bir neçə dəfə davam edən dialoq və müzakirələrdən sonra raket zərbələri intensivləşibsə, deməli, tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları Ukraynanın ərazi bütövlüyü məsələsi ilə bağlıdır. Rusiya işğal etdiyi ərazilərin, xüsusilə Donbasın ona məxsus kimi tanınmasını tələb edir. Donbas uğrunda danışıqlarda mövqeyini möhkəmləndirmək üçün bütün sərhəd xəttinə nəzarəti ələ keçirməyə çalışır. Ukrayna isə buna cavab olaraq Rusiyaya ciddi zərbələr endirir. Həqiqətən də, kifayət qədər ağır zərbələr vurulur.

Ukraynanın raketlərinin uçuş məsafəsi və dağıdıcı gücü xeyli artıb. Ukrayna sistemli şəkildə Rusiyanın enerji infrastrukturunu hədəfə alır, ölkənin enerji sisteminin fəaliyyətini pozmağa çalışır. Rusiya isə yenə də güclü dövlətdir və bu ölkənin nə vaxt geri çəkiləcəyini heç kim bilmir. Bəlkə də, Rusiya heç vaxt geri çəkilməyəcək.

fuzuli qurbanov
Füzuli Qurbanov

Avropa İttifaqının Rusiyaya qarşı yeni təhdidlər səsləndirməsi də göstərir ki, Moskva bunları ciddi qəbul edir. Prezident Vladimir Putin Afrika sammitindəki çıxışı zamanı Avropanı müharibə istəməkdə ittiham edib və Rusiyanın belə bir qarşıdurma arzulamadığını bildirib. O, həmçinin müharibə başlayacağı təqdirdə nüvə silahından istifadə etməklə dünyanı məhv edə biləcəklərini vurğulayıb.

Ukrayna müharibəsində hansısa sülh məsələsindən danışmaq hələlik real görünmür. Bu münaqişənin arxasında hansı qüvvələrin dayandığı isə tamam başqa məsələdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: