
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunmuş sülhün davamlı xarakter almasının və hüquqi-institusional mexanizmlərlə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında sülhün alternativinin olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “News-Armenia” məlumat yayıb.
Paşinyan hökumət başçısı kimi başlıca məqsədinin uzunmüddətli və geri dönülməz sülhün təmin edilməsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsi bu istiqamətdə mühüm addımlardır. Baş nazir qlobal miqyasda baş verən dəyişikliklərin fonunda sülhün uzun illər qorunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – deyə Paşinyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az