ing2

27 oktyabrda İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə görə, Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib.

İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə olunsa da, mənim diqqətimi ərəb partiyalarının 19 mandat qazanması çəkir. Yəni Qüdsü ilhaq etmək, Qəzza zolağını işğal altında saxlamaq və bu ərazilərdən fələstinliləri çıxarmaq istəyən bir ölkənin parlamentinə yenə də 19 fələstinli ərəb deputat seçilir.

Öncə deyim ki, İsrailin ərəb vətəndaşları ilə Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilər eyni xalqın nümayəndələridir. Onların ortaq etnik və tarixi kökləri var. Sadəcə, eyni hüquqlara malik deyillər. Daha dəqiq desəm, 1948-ci ildə İsrail dövləti yaradılarkən ərazidə qalan və İsrail vətəndaşlığını əldə edən fələstinli ərəblərin nəsilləri bu gün də ölkənin vətəndaşlarıdır.

Onlar seçkilərdə səs verə, partiyalar yarada, parlamentə seçilə və dövlət qurumlarında işləyə bilərlər. Bu əhali İsrailin ümumi əhalisinin təxminən beşdə birini təşkil edir. Buna görə də ərəb vətəndaşlarının parlamentdə təmsil olunması İsrailin siyasi sistemində hüquqi baxımdan qeyri-adi hadisə deyil.

Ərəb partiyaları son illərdə olduqca aktivdirlər. Seçkilərin nəticələri də bunu göstərir. Bu, İsraildəki fələstinlilərin siyasi dünyagörüşü və siyasi iştirak səviyyəsi ilə əlaqədardır. Müqayisə üçün deyim ki, əvvəlki parlamentdə ərəb partiyalarının mandatlarının sayı 10 idi. İndi isə bu rəqəm 19-a yüksəlib. Eyni zamanda, bu nəticə ərəb seçicilərinin siyasi iştirakının gücləndiyini və onların səslərinin hökumətin gələcək taleyi baxımından daha böyük əhəmiyyət qazandığını göstərir.

Düzdür, bu nəticə ilə ərəb partiyaları müstəqil şəkildə hökumət qura bilməsələr də, Ayzenkot blokunun 48 mandatına onların dəstəyi əlavə olunsa, 67 mandatlıq çoxluq yaranar. Riyazi baxımdan bu, hökumət qurmaq üçün kifayətdir. Hələlik belə bir razılaşma baş verməyib. Ümumiyyətlə, həmin blokdakı bütün partiyalar ərəb partiyaları ilə əməkdaşlığa isti baxmır. Hətta bəzi partiyalar belə əməkdaşlığı əvvəlcədən rədd ediblər. Buna görə də əsas məsələ mandatların sayından əlavə, siyasi razılaşmanın mümkün olub-olmamasıdır.

Lakin yenə də ərəb partiyalarının 19 mandat qazanması İsrail üçün ciddi siqnaldır və regional reallığın dərk edilməsi baxımından mühüm faktdır.

Həm Türkiyədə, həm də ölkəmizdə Böyük İsrailin qurulacağını düşünən, yaxud ən azı İsrailin bu planı həyata keçirməsinin mümkünlüyünə inanan insanlar var. Halbuki təkcə bu seçkilərin nəticələri belə bu layihənin reallaşmasının nə qədər mürəkkəb olduğunu bir daha göstərir.

Əvvəldə də qeyd etdiyim kimi, hər şeydən öncə, Yaxın Şərqdə 100 milyondan çox ərəb yaşayır. Bundan başqa, kürdlər və türklər də bu regiondadır və onların da sayı yəhudilərin sayından xeyli çoxdur. 1948-ci ildən bu günə qədər əhalisinin sayını təxminən 10–11 milyona çatdıran İsrail dövlətinin qeyd edilən Böyük İsrail layihəsini həyata keçirməsi, hər şeydən əvvəl, etnik və demoqrafik baxımdan mümkün görünmür. Yəni İsrailin özündən qat-qat çoxsaylı ərəb, kürd və türk əhalisini idarə etməsi real deyil. Elə olsaydı, İsraildə bu gün bir nəfər də olsun ərəb yaşamazdı. Qeyd edim ki, İsraildə ərəb əhalisinin sayı da xeyli artıb.

turan rzayev 1 900x720 1 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: