avropa etirazlar1

Avropanın bir sıra ölkəsində baş verən etirazlar və iğtişaşlar turistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Fransa, İtaliya, Belçika, Albaniya, İspaniya və Portuqaliyada insanlar müxtəlif sosial və iqtisadi problemlərə etiraz edirlər. Bəzi şəhərlərdə nümayişlər qarşıdurmalara, yanğınlara və dağıntılara səbəb olub. Bu vəziyyət Avropaya tətil planlaşdıranların səfərlə bağlı qərarlarına da təsir göstərə bilər.

Bəs Avropada etirazların genişlənməsinin əsas səbəbləri nədir? Qitədəki siyasi və sosial gərginliyin arxasında hansı amillər dayanır?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransada baş verən etiraz aksiyaları, xüsusilə 2018–2019-cu illərdə geniş vüsət alan “Sarı jiletlilər” hərəkatı hökumətin sosial-iqtisadi siyasətinə qarşı ciddi narazılığın göstəricisi idi:

“Həmin etirazlar Fransanın siyasi həyatına əhəmiyyətli təsir göstərməklə yanaşı, Avropada sağ və ifrat sağçı siyasi qüvvələrin güclənməsi üçün də müəyyən zəmin yaratdı.

Hazırda Fransada baş verən etirazlar Avropada siyasi fəallaşmanın və cəmiyyətdə artan narazılığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Sosial bərabərsizlik, yaşayış xərclərinin yüksəlməsi, hökumətlərin qəbul etdiyi qərarlar və miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları müxtəlif sosial qrupların etirazlarına səbəb olur. Bu proseslərin digər Avropa ölkələrinə yayılması isə yeni siyasi hərəkatların formalaşmasına şərait yarada bilər.

Avropada liberal-demokratik siyasi sistemə ictimai etimadın zəifləməsi, ənənəvi partiyalara qarşı narazılığın artması və sağçı siyasi qüvvələrin ön plana çıxması diqqət çəkən tendensiyalardandır. Bununla belə, etirazların bütün iştirakçılarını eyni siyasi mövqedə birləşdirmək düzgün olmazdı. Bu aksiyalarda müxtəlif sosial qruplar, fərqli siyasi baxışlara malik insanlar və miqrasiya siyasətindən narazı olan qüvvələr iştirak edə bilərlər.

mehemmed esedullazadeee 900x574 2

Məhəmməd Əsədullazadə

Digər tərəfdən, Avropa İttifaqının beynəlxalq siyasi proseslərdə daha fəal mövqe tutması, xüsusilə Fransanın Avropanın siyasi və təhlükəsizlik gündəliyindəki rolu ABŞ-la münasibətlərə də təsir göstərir. Avropada baş verən etirazların arxasında müəyyən xarici siyasi mərkəzlərin dayanması ehtimalı barədə fikirlər səsləndirilsə də, bu iddiaları təsdiqləyən konkret sübutlar olmadan qəti nəticəyə gəlmək doğru deyil.

Albaniya, Serbiya və İtaliya kimi ölkələrdə müşahidə olunan etirazlar da Avropada sosial və siyasi narazılığın müxtəlif formalarda təzahür etdiyini göstərir. Bu proseslərin gələcəkdə digər ölkələrə yayılması mümkündür. Belə bir ssenari Avropa hökumətlərini miqrasiya, sosial təminat, ictimai təhlükəsizlik və iqtisadi siyasət sahələrində daha sərt qərarlar qəbul etməyə sövq edə bilər”.

Ekspert bildirib ki, etiraz aksiyaları nəqliyyatın fəaliyyətinə, turizm sektoruna və insanların gündəlik həyatına da mənfi təsir göstərə bilər:

“Xüsusilə Fransa kimi turizm baxımından mühüm ölkədə kütləvi aksiyalar turistlərin səfər planlarına və xidmət sektoruna təsirsiz ötüşmür.

Fransada baş verən etirazlar təkcə daxili sosial narazılıqla məhdudlaşmır, həm də Avropanın gələcək siyasi istiqaməti ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir. Bu proseslərin hansı nəticələrə gətirib çıxaracağı etirazların miqyasından, hökumətlərin reaksiyasından və siyasi qüvvələrin yaranmış vəziyyətdən necə istifadə etməsindən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: