Vanqa 1653

Sosial şəbəkələrdə, mediada bolqar kahin Vanqanın adından yayılan proqnozlara rast gəlirik. İddia edilir ki, o, dünyada baş verəcək müharibələri, Rusiyanın gələcəyini, müxtəlif siyasi prosesləri, hətta Qarabağ müharibəsini belə öncədən görüb.

Mən uşaq olanda belə xəbər yayılmışdı ki, Vanqa əslində görücü olmayıb, Rusiya hökuməti ilə əlaqəli şəxs olub. İddialara görə, ona müəyyən məlumatlar ötürülür, o da bunları sanki gələcəkdən xəbər verirmiş kimi insanlara çatdırırmış.

Təbii ki, bu məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Vanqanın Rusiya hökumətinin adamı olması barədə əlimdə təsdiqlənmiş fakt yoxdur. Ancaq bu iddianın illər əvvəl səsləndirilməsi belə mövzuya şübhə ilə yanaşmağıma səbəb olub. Üstəlik, Vanqanın adı daha çox Rusiya ilə bağlı proqnozlarda hallanır.

Vanqa əslən bolqar olub. O, 1911-ci ildə, həmin vaxt Osmanlı imperiyasının tərkibində olan, hazırda Şimali Makedoniyanın ərazisinə düşən Strumitsa şəhərində dünyaya gəlib, 1996-cı ildə isə vəfat edib.

Maraqlıdır ki, Vanqanın adı ilə yayılan proqnozların çoxu üçün dəqiq mənbə göstərilmir. Onun hansı tarixdə, hansı şəraitdə və kimə konkret nə dediyi çox vaxt məlum olmur. Onun adına çıxılan dünya miqyaslı fəlakət və siyasi hadisələrlə bağlı bir sıra proqnozların sonradan uydurulduğu və ya şişirdildiyi bildirilir. Tədqiqatçılar da Vanqanın adının xüsusilə ölümündən sonra müxtəlif siyasi və ictimai məqsədlər üçün istifadə olunduğunu qeyd edirlər.

Bəs onda insanları bu proqnozlara inanmağa vadar edən nədir?

Gələcəklə bağlı qeyri-müəyyənlik insanlarda hər zaman maraq və suallar doğurub. Müharibələr, siyasi gərginliklər, iqtisadi böhranlar və təbii fəlakətlər zamanı insanlar baş verən hadisələrin əvvəlcədən proqnozlaşdırıldığına inanmağa daha çox meyil göstərə bilirlər. Çox vaxt hadisə baş verdikdən sonra keçmişdə səsləndirilmiş ümumi fikirlər həmin hadisələrlə əlaqələndirilir.

Vanqanın adından yayılan Qarabağla bağlı iddialar da bu baxımdan ayrıca diqqət tələb edir. Belə həssas mövzuda hər hansı fikrin ona aid edilməsi üçün konkret mənbə, tarix və etibarlı sübut olmalıdır.

Mən Vanqanın gələcəyi görüb-görmədiyi barədə qəti hökm vermək fikrində deyiləm. Ancaq bir məsələyə aydınlıq gətirmək vacibdir: onun adına yayılan hər bir sözün həqiqətən özünə aid olduğunu təsdiqləyən sübut yoxdur. Hətta onunla bağlı araşdırmalar aparan alimlər də müxtəlif proqnozların mənbəyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayırlar.

Onun dediklərinin təsdiqləyən və ya təkzib edən qohumlarının, qonşularının, tanışlarının konkret açıqlamalarına rast gəlirikmi? Əgər ortada belə faktlar yoxdursa, bəs bizi Vanqanın gələcəyi gördüyünə inanmağa nə vadar edir?

Bəlkə də Vanqa ətrafında illərdir davam edən mübahisələrin cavabı elə buradadır: Onun nə dediyindən çox, bu gün adına nələrin deyildiyini araşdırmağa ehtiyac var. Vanqanın görücülüyü ilə bağlı iddialar illərdir yayılsa da, onun yaxınlarının və tanışlarının bu barədə konkret açıqlamaları, eləcə də gələcəyi gördüyünü təsdiqləyən hər hansı faktın olub-olmaması hələ də sual doğurur. Ən azı, indiyədək Vanqanın yaxınlarından hər hansı birinin onun qeyri-adi qabiliyyətlərini konkret faktlarla təsdiqləyən açıqlamasına rast gəlməmişəm.

WhatsApp Image 2026 10 09 at 15.38.55 3

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: