vos

Elektrikli avtomobillərdə batareya yanğınları riski istehsalçıları ciddi addımlar atmağa məcbur edir. Belə ki, Almaniyanın “Volkswagen” (VW)  şirkəti bu təhlükə ilə əlaqədar minlərlə avtomobili geri çağırıb. Bununla da “Volkswagen” tarixində ən böyük geri çağırışlardan birini həyata keçirib. Bu risklə qarşılaşan digər elektrikli avtomobillər də var.

Hansı tədbirlər görülməlidir? Digər şirkətlərdə də belə geri çağırmalar gözlənilirmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, elektrik batareyaları ilə işləyən avtomobillərdə əsas məsələlərdən biri enerji təminatının dayanıqlığının müəyyən edilməsidir:

“Batareyaların istehsalı və işləmə prinsipi müvafiq normalara uyğun olmalı, bu sahədə ixtisaslaşmış şirkətlərin təcrübəsindən istifadə edilməlidir. Hər hansı nəqliyyat vasitəsi istehsal olunarkən onun layihələndirilməsini ixtisaslaşmış şirkətlər aparmalı, konstruksiyanın mühüm elementlərini nəzərə almalı və illərin təcrübəsinə əsaslanmalıdır. Dünyanın müxtəlif bölgələrinin iqlim xüsusiyyətlərinə uyğun nəqliyyat vasitələri istehsal olunur. Məsələn, Qafqaz regionu, eləcə də qışı soyuq və ya mülayim keçən ərazilər üçün avtomobillərin bu şəraitə uyğunlaşdırılması vacibdir. Nəqliyyat vasitələri müxtəlif istismar şəraitində öz funksionallığını və dözümlülüyünü qorumalıdır”.

aslan

Aslan Əsədov

Ekspert bildirib ki, avtomobillərdə yaranan problemlərin aradan qaldırılması üçün əsas tədbirlər konstruktiv xarakter daşımalıdır:

“Bu məsələlər istehsalçı ölkələrin imkanları ilə istehlakçıların tələbləri uzlaşdırılaraq həll edilməlidir. Batareyalarda, püskürmə mexanizmində, əyləc sistemində və digər hissələrdə yaranan nasazlıqlar, əsasən, regionların xüsusiyyətlərinin nəzərə alınmaması yaxud istehsal zamanı konstruksiyanın düzgün hesablanmaması ilə bağlıdır. Digər şirkətlərdə geri çağırmalar konkret modellərdə aşkar edilən nasazlıqlardan asılıdır”.

Qeyd edək ki, oxşar geri çağırışlar artıq Böyük Britaniya və ABŞ-da da başlayıb.

Ləman İmran
Globalinfo.az

Paylaş: