girne

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının (ŞKTC) Girne sahillərində 267 nəfər sərnişinin olduğu gəminin çevrilərək batması nəticəsində 8 nəfər həlak olub, 20 nəfər isə itkin düşüb. ŞKTC Prezidenti Tufan Erhürman axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb. Qəzaya görə gəminin kapitanı daxil olmaqla 14 nəfər həbs edilib.

Gəmi faciəsinin Türkiyənin Zəfər Bayramı günündə baş verməsi qəza səbəblərindən biri kimi təxribat ehtimalını da gündəmə gətirib.

Globalinfo.az-a açıqlama verən Şimali Kipr Türk Respublikası Parlamentinin üzvü və Məclisin keçmiş sədri Zorlu Törenin fikrincə, gəminin struktur qüsurları olub.

“Gəmi səfərə çıxmamalı idi. Çox məyusuq. İstintaq və məhkəmə prosesi başlayıb. Həqiqət ortaya çıxacaq”, – deyə o bildirib.

zorlu tore

Zorlu Töre

Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin (Türk DEGS) başkanı, ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı isə deyib ki, Girnədə yaşanan faciənin təxribat olduğu iddiaları konkret dəlillərlə dəstəklənməlidir:

“Bunun 30 avqust Zəfər Bayramı günü ilə üst-üstə düşməsi belə bir iddia üçün dəlil olaraq kifayət deyil. Əlbəttə ki, qəza heç bir ehtimalı istisna etmədən hərtərəfli araşdırılmalıdır. Konkret bir dəlil ortaya çıxmadan fərziyyələr irəli sürmək zərər çəkmiş ailələrin kədərini daha da artıra bilər”.

cihat yayci

Prof. Dr. Cihat Yaycı

Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün isə hadisəyə qəza kimi baxmır, eyni zamanda bunun təxribat olmadığını düşünür:

“Əldə edilən məlumatlar onu göstərir ki, Girne Limanından yola düşən yüzlərlə insanı daşıyan sərnişin gəmisinin qısa zamanda batmasının arxasında böyük bir səhlənkarlıq zənciri dayanır. Qara qutu açıldıqdan sonra “Bu gəmi niyə batdı? Lazımi təhlükəsizlik yoxlamaları aparılıbmı? Kim və hansı şərtlər altında onun üzməsinə icazə verib? Səhlənkar və ya günahkar şəxslər varmı?” kimi suallar veriləcək”.

selcuk duzgun 0

Selçuk Düzgün

O bildirib ki, faktlara əsasən, gəmiçilik şirkətindən tutmuş Nəqliyyat Nazirliyinə qədər hər kəs bu hadisədə məsuliyyət daşıyır:

“Məsul şəxslər mütləq ədalət qarşısında cavab verəcəklər, amma mən düşünmürəm ki, bu təxribatdır. Əsl təxribat hadisəni ört-basdır etmək olardı. Qəzada həlak olanlara rəhmət diləyir, kədərli ailələrinə başsağlığı verirəm”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: