222 4

Real TV-nin sahibi Mirşahin Ağayevin “Media Masası” proqramında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O bildirib ki, televizora baxmamaq tərbiyəsizlik və ədəbsizlik kimi qəbul edilməlidir. M.Ağayev əlavə edib ki, hər kəs ailə üzvlərini və yaxınlarını televizora baxmağa təşviq etməli, hətta buna məcbur etməlidir. Media rəhbəri televizoru milli mentalitetin ayrılmaz hissəsi kimi qiymətləndirib.

Onun bu fikri ciddi müzakirələr yaradıb.

Globalinfo.az-a danışan media eksperti, professor Qulu Məhərrəmlinin fikrincə, bu gün televiziya müəyyən çətinliklərlə üz-üzədir:

“Bu, təkcə Azərbaycana aid deyil, bütün dünyada müşahidə olunan bir tendensiyadır. Bununla belə, dünyada milyonlarla insanın izlədiyi nüfuzlu televiziya kanalları var. Məsələn, CNN, “Euronews”, BBC, NHK kimi transmilli televiziya kanalları hələ də geniş auditoriyaya malikdir. Ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə əhalinin böyük hissəsi üçün televiziya əsas məlumat mənbələrindən biri olaraq qalır. Onlar sosial şəbəkələrə meyilli deyillər. Bunun əsas səbəbi odur ki, televiziya tamaşaçıya operativ və etibarlı informasiya təqdim edir, ictimai müzakirələr təşkil olunur, analitik proqramlar hazırlayır və insanların informasiya tələbatını ödəyir. Yəni televiziya cəlbedici olduğu üçün ona baxırlar. Azərbaycanda isə sosial şəbəkələr çox aktiv, sərhədsiz və faktiki olaraq ciddi qaydalar olmadan fəaliyyət göstərdiyi üçün auditoriyanın böyük hissəsini özünə cəlb edə bilir. Ancaq bundan belə bir nəticə çıxarmaq olmaz ki, televiziya artıq sıradan çıxır və ya ölür. Bu, kifayət qədər şərti və subyektiv yanaşmadır. Çünki etibarlılıq və informasiyanın doğruluğu baxımından televiziya hələ də sosial şəbəkələri əhəmiyyətli dərəcədə üstələyir”.

111 12

Qulu Məhərrəmli

Bəs televiziya necə olmalıdır ki, baxımlı olsun sualına gəlincə, professor qeyd edib ki, tamaşaçı auditoriyasının maraq və tələbatını ödəməlidir:

“İnsanların xəbər alma ehtiyacını qarşılamalı, cəmiyyət üçün aktual olan problemləri peşəkar şəkildə müzakirə edən proqramlar hazırlamalıdır. Belə olduğu halda televiziya öz auditoriyasını qoruyub saxlaya bilər. Təbii ki, televiziya rəhbərləri, redaktorlar və jurnalistlər istəyirlər ki, hazırladıqları verilişlərə geniş auditoriya baxsın. Çünki həmin proqramların hazırlanmasına böyük insan əməyi, intellektual resurs, vaxt və texniki imkanlar sərf olunur. Onların izlənilməsi də tamamilə təbiidir. Amma məsələnin digər tərəfi də var. Heç kəsi məcbur etmək olmaz ki, televiziya izləsin. Ölkəsində baş verən proseslərə maraq göstərən, ictimai-siyasi hadisələri izləyən fəal vətəndaşlar həm xəbərlərə, həm də ictimai diskussiya proqramlarına baxırlar. Elə insanlar da var ki, televiziya hansı formatda veriliş hazırlasa da, ümumiyyətlə, maraq göstərmir və izləmir. Bu isə artıq zövq, maraq və informasiya istehlakı vərdişləri ilə bağlı məsələdir. Ona görə də vəziyyət bir tərəfdən kifayət qədər aydındır, digər tərəfdən isə olduqca mürəkkəbdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: