see scaled

Son illərdə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdən biri olan Türkiyə artıq əvvəlki qədər sərfəli hesab edilmir. Kurort bölgələrində qiymətlərin kəskin bahalaşması səbəbindən həm yerli, həm də xarici turistlər daha münasib alternativlərə üz tutur. Bu səbəbdən Yunanıstan, Çernoqoriya və hətta Azərbaycandakı “Sea Breeze” kimi istirahət məkanları daha çox diqqət çəkməyə başlayıb.  

İnsanlar Türkiyənin kurort şəhərləri əvəzinə “Sea Breeze”ə getməyə üstünlük verir? Turizim sahəsində vəziyyət necədir? Azərbaycanı seçənlərdə artım var?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Türkiyədə turizm qiymətləri son illərdə xeyli artıb:

“Bəzi istiqamətlər üzrə qiymətlər əvvəlki illərlə müqayisədə hətta 50 faizə qədər yüksəlib. Bu da səyahət planlaşdıran insanların seçimlərinə təsir göstərir. Turistlər artıq qiymətləri müxtəlif ölkələrlə müqayisə edir və büdcələrinə daha uyğun istiqamətlərə üstünlük verirlər. Türkiyə vətəndaşları arasında da Misir, Yunanıstan və digər ölkələrə üz tutanların sayı artır. Bahalaşmanın müxtəlif iqtisadi səbəbləri var. Lakin düşünmürəm ki, insanlar yalnız qiymət artımına görə Türkiyədən kütləvi şəkildə imtina edib “Sea Breeze”ə üz tutsunlar. Bu, müəyyən qədər Azərbaycan vətəndaşlarının yayda istirahət seçimlərinə təsir göstərə bilər”.

ceyhun asurov 900x600 1

Ceyhun Aşurov

Ekspertin sözlərinə görə, Türkiyə hələ də dünyanın aparıcı turizm ölkələrindən biridir və zəngin xidmətlər təklif edir:

“Statistik göstəricilər də ötən il Türkiyəyə gələn turistlərin sayının artdığını göstərir. Buna bəzi ərəb ölkələrindən turist axınının güclənməsi və müxtəlif bazarlardan turistlərin oraya yönəlməsi də təsir edib. Eyni zamanda, Türkiyə turizm məhsullarını davamlı şəkildə şaxələndirir. Artıq söhbət yalnız dəniz, qum və günəş turizmindən getmir. Ölkə tibbi, sağlamlıq, konqres və digər turizm növlərinin inkişafına ciddi investisiyalar yatırır. Məqsəd təkcə turist sayını deyil, hər turistdən əldə olunan gəliri də artırmaqdır”.

Ekspert bildirib ki, Azərbaycanın da turizm sahəsində ciddi potensialı var:

“Ölkəmizə gələn xarici turistlər Azərbaycanın təhlükəsizliyini, otel qiymətlərinin və restoranlarda xidmətlərin bir çox ölkə ilə müqayisədə münasib olduğunu bildirirlər. Əsas problem isə ölkəyə səfərin baha başa gəlməsidir. Xüsusilə aviabiletlərin qiyməti və ümumi nəqliyyat xərcləri turist axınına mənfi təsir göstərir. Azərbaycana səfər daha sərfəli olarsa, ölkəyə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Hazırda isə turizm sektorunda müəyyən geriləmə müşahidə olunur. Turist axını 10 faizdən çox azalıb, turistlərin xərcləmələri və otellərin doluluq səviyyəsi isə təxminən 30 faiz aşağı düşüb. Bu problemin əsas həlli Azərbaycana səyahəti daha əlverişli və əlçatan etməkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: