Bakıda yağan güclü dolu bir çox avtomobil sahibinə ciddi ziyan vurdu. Bəzi ərazilərdə maşınların şüşələri sındı, gövdə hissəsində əziklər yarandı. Son illər paytaxtda hava şəraitinin qəfil və sərt dəyişməsi artıq daha tez-tez müşahidə olunur. Leysan, sel, güclü külək və dolu kimi hadisələr sürücüləri hazırlıqsız yaxalayır.
Belə vəziyyətlərdə avtomobilləri və digər əmlakı qorumaq üçün hansı tədbirlər görülməlidir?
Dolu zamanı avtomobili saxlamaq daha təhlükəsizdir, yoxsa hərəkət etmək? Sürücülər əvvəlcədən hansı hazırlığı görməlidirlər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, təhlükəsizlik baxımından belə hallarda avtomobili saxlamaq daha məqsədəuyğundur:
“Təkcə dolu zamanı deyil, güclü yağış zamanı da görüntü məhdudlaşır, yollarda suyun toplanması isə yüksək sürətlə hərəkət edən avtomobilin sürüşməsinə və idarəetmədən çıxmasına səbəb ola bilir. Ona görə də, dolu və yağış vaxtı sürücülər imkan daxilində avtomobili təhlükəsiz yerdə saxlamalı, dayanacaq və ya örtülü məkanlarda qorunmağa çalışmalıdırlar”.
Elməddin Muradlı
Ekspert bildirib ki, bəzi sürücülər ehtiyat tədbiri kimi avtomobildə qalın parça, köhnə xalça və ya müxtəlif örtüklər saxlayırlar:
“Məsələn, dolu zamanı həmin materialları avtomobilin, xüsusilə də şüşələrin üzərinə sərərək zərbənin təsirini azaltmağa çalışırlar. Çünki avtomobil hərəkətdə olduqda həm maşının sürəti, həm də dolunun düşmə sürəti birləşərək daha güclü zərbə effekti yaradır. Bu isə həm kuzova, həm də şüşələrə ciddi ziyan vura bilər”.
E.Muradlının sözlərinə görə, belə hallarda ilk növbədə avtomobilin şüşələrini qorumaq vacibdir:
“Çünki dəmir hissələrdə yaranan əzikləri sonradan düzəltmək mümkün olsa da, çatlayan və ya sınan şüşə sürücünün görüntüsünü məhdudlaşdırır və avtomobilin təhlükəsiz idarə olunmasına maneə yaradır. Əgər yaxınlıqda dayanacaq və ya sığınacaq yoxdursa, sürücülər avtomobildə olan qalın parçalar, örtüklər və ya digər yumşaq materiallardan istifadə edərək şüşələri qorumağa çalışmalıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az