WhatsApp Image 2026 04 24 at 16.30.04

17 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktı cəmiyyətin yaddaşında dərin iz buraxan faciələrdəndir. Son dövrlərdə Azərbaycanda, eləcə də Türkiyədə təhsil müəssisələrində silahlı hücumların artması narahatlıq doğuran tendensiya kimi qiymətləndirilir.

Bunun səbəbləri nələrdir və hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyev bildirib ki, təhsil müəssisələri həm simvolik, həm də praktik baxımdan “yumşaq hədəf” kimi həssasdır:

adna4

“Yumşaq hədəflərə yönəlmiş təhlükənin sistematik xarakter alması birbaşa məktəb və universitetlərin açıq məkan olması ilə bağlıdır. Bu cür hücumların təkrarlanması onu göstərir ki, bu məkanlar potensial hücumlar üçün əlçatan və nisbətən az qorunan hesab olunur. Bu isə faktiki təhlükəsizlik strategiyalarının yenidən qurulmasını tələb edir”.

Deputatın sözlərinə görə, burada psixoloji və sosial sabitlik məsələsi də xüsusi önəm daşıyır:

“Belə hadisələr cəmiyyətdə davamlı qorxu mühiti yaradır. Valideynlər, tələbələr və müəllimlər özlərini təhlükəsiz hiss etmədikdə, bu, təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Sosial etimad zəifləyir və kollektiv travma formalaşır. Bu isə uzunmüddətli perspektivdə dövlətin sosial dayanıqlığına da təsir edə bilər”.

samir veliyev

Samir Vəliyev

S.Vəliyev əlavə edib ki, media və sosial şəbəkələrdə bu cür hadisələrin geniş işıqlandırılması bəzi hallarda təqlid effekti yarada bilər:

“Xüsusilə gənclər arasında aqressiyanın və fərdi zorakılığın artmasına təsir göstərir. Eyni zamanda radikallaşma və fərdi terror riski də artır. Bu hücumların hamısı təşkilatlanmış terror aktı olmasa da, fərdi radikallaşmaya zəmin yaradır. Psixoloji problemlərin ekstremal davranışa çevrilməsi kimi amillər milli təhlükəsizlik üçün yeni tip risklər formalaşdırır. Bu isə klassik terrorla mübarizə metodlarının kifayət etmədiyini göstərir. Təhlükəsizlik resurslarının yenidən bölüşdürülməsi və prioritetlərin düzgün müəyyənləşdirilməsi vacibdir. Dövlət təhsil müəssisələrində fiziki təhlükəsizliyi artırmalı, monitorinq və erkən xəbərdarlıq sistemlərini gücləndirməlidir. Məktəb və universitetlərə giriş-çıxış qaydaları daha ciddi şəkildə tənzimlənməli, ümumilikdə təhsil müəssisələrində təhlükəsizlik sistemi daha da təkmilləşdirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: