İranın müxalifət lideri, ölkənin sonuncu hökmdarının oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa təcili müraciət edərək İranda etiraz aksiyalarına çıxan əhaliyə dəstək verməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pəhləvi sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, milyonlarla iranlı güllə təhlükəsinə baxmayaraq küçələrə çıxıb, lakin hazırda ölkədə tam informasiya blokadası tətbiq olunub. Onun sözlərinə görə, internet və stasionar telefon xətləri kəsilib, bu isə etirazçıların əlaqəsini və məlumat paylaşımını iflic vəziyyətinə salıb.
Müxalifət lideri qeyd edib ki, rejimin süqutundan və beynəlxalq dəstəkdən qorxan ali dini lider Əli Xamenei əhalini qəddar repressiyalarla hədələyir və rabitə kəsintisindən etirazları zorakılıqla yatırmaq üçün istifadə edə bilər.
Rza Pəhləvi vurğulayıb ki, o, xalqı azadlıqları uğrunda mübarizə aparmaq üçün küçələrə çıxmağa və say üstünlüyü ilə təhlükəsizlik qüvvələrinə təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, etirazçılar bu çağırışa cavab veriblər və ötən gecə kütləvi aksiyalar keçirilib.
“Zaman çox önəmlidir. Cəmi bir saatdan sonra insanlar yenidən küçələrə çıxacaqlar. Sizdən kömək istəyirəm. Siz özünüzü sülhsevər və sözünün üstündə duran lider kimi sübut etmisiniz. Xahiş edirəm, İran xalqına yardım etmək üçün müdaxiləyə hazır olun”, – deyə müraciətdə qeyd olunub.
Tahir Turan
Globalinfo.az