WhatsApp Image 2024 02 11 at 00.08.10

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında getdikcə genişlənən ikitərəfli əməkdaşlıq, siyasi, iqtisadi və strateji sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafı fonunda 1992-ci ildə ABŞ Konqresində qəbul edilmiş “Azadlığa dəstək aktı”na əlavə olunmuş 907-ci düzəlişin ləğvi artıq zəruri məsələyə çevrilib.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin payız sessiyasının sonuncu plenar iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə 907-ci düzəlişin ləğvinə xüsusi diqqət ayırması, bu istiqamətdə qərarın qəbul edilməsi və rəsmi şəkildə açıqlanması dövlət başçısının mühüm tarixi nailiyyəti kimi dəyərləndirilməlidir:

“Hazırda 907-ci düzəliş bir il müddətinə dondurulub və onun tam ləğvi ilə bağlı ABŞ Konqresində müəyyən addımlar atıldığı məlumdur. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət dinamika getdikcə güclənir. Düzəlişin tam ləğvi ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verə bilər.

Azərbaycanın enerji təhlükəsizliyi, regional sabitliyin qorunması və antiterror sahəsində ABŞ üçün etibarlı strateji tərəfdaş olması bu məsələdə əsas amillərdən biridir. ABŞ Konqresi 907-ci düzəlişi ləğv etməklə Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə şərait yarada bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: