Elmar memmedyarov

Ötən həftə RusiyaAzərbaycan münasibətlərinin vəziyyəti siyasi-diplomatik baxımdan nisbətən sakit olsa da, dünəndən etibarən gərginlik yenidən başladı. Belə ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb. Bəzi ekspertlər hazırkı durumda iki ölkə arasında mövcud vəziyyətin tezliklə düzələcəyini düşünmür. Digər tərəfdən, keçən günlərdə Rusiya Fövqəladə Hallar Naziri Aleksandr Kurenkovun Bakıya səfərinin nəticəsiz başa çatdığını xatırlatmaq yerinə düşər. Nazirin formal olaraq fövqəladə hallar üzrə dar tərkibli forumda iştirak etdiyi bildirilsə də, onun Prezident İlham Əliyevlə planlaşdırılan qeyri-rəsmi görüşü alınmadı. Bu o deməkdir ki, rəsmi Bakının Moskvadan tələbi qüvvədə qalır: Üzrxahlıq…Təəssüf ki, Kreml buna hələlik Rusiyada yaşayan azərbaycanlı iş adamlarının həbsi ilə cavab verir.

Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, münasibətlərin soyuqlaşması AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından sonra başladı:

Azərbaycan Rusiyadan iki cür üzr istəməsini tələb edir. Moskva, ilk növbədə xalqımızdan, daha sonra təyyarənin vurulması nəticəsində həyatını itirənlərin ailəsi və zərərçəkənlərin özündən üzr istəməlidir. Görək, Kreml hansı yolu seçir. Belə başa düşürəm, Prezident Vladimir Putin istintaqın bitməsini və məhkəmənin qərarını gözləyir. İstintaq isə konvensiya qərarına görə təxmini ilin sonunda yekunlaşmalıdır. Nəticəni gözləyək”.

Elmar Məmmədyarov Azərbaycanla Rusiyanın həm də yaxın qonşu olduğunu vurğulayıb:

Rusiya böyük qonşudur. 150 milyon əhalisi, nüvə silahı var və iqtisadi baxımdan güclüdür. Bu mənada Azərbaycan iqtisadiyyatı üçün bunlar vacibdir. 1-2 il öncəyə qədər İranla da aramızda gərginlik yaşanırdı. Fikrimcə, Rusiya-Azərbaycan münasibətləri də normallaşacaq. Amma birmənalı olaraq deyə bilərəm ki, Bakı Moskva ilə yeni mərhələyə keçib. Buna səbəb təyyarəmizin vurulmasıdır”.

Sabiq nazir bildirib ki, burada başqa faktorlar da rol oynayır:

“Qarabağ münaqişəsi bitdi, rəsmi Bakı müstəqil qərarlar qəbul edir, iqtisadiyyatımız güclüdür, neftimiz dünya bazarlarına çıxarılır. Burada Türkiyə faktoru da çox önəmlidir. Çünki qardaş ölkə Cənubi Qafqazda gündən-günə güclənir. Moskva fikirləşir ki, Cənubi Qafqaz Rusiya imperiyası dövründən başlamış SSRİ vaxtına qədər onun bir parçası idi, ona görə də onu əldən buraxmaq istəmir”.

E.Məmmədyarov Rusiyada azərbaycanlılara qarşı törədilən təxribatlara münasibət bildirib:

“Azərbaycanlılara qarşı təxribatların nə qədər davam edəcəyi barədə konkret nəsə demək çətindir. Amma bu istiqamətdə diplomatik addımlar atılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: