Azərbaycan Prezidenti İlham Əliyev Kazan şəhərində keçirilən XVI BRİKS Sammitinin “Outreach” / “BRİKS+” formatının ilk plenar iclasında iştirak edib.
Bakı rəsmi olaraq BRİKS təşkilatına üzvlük üçün müraciət ünvanlayıb. Lakin bu məsələnin Azərbaycana problem yaradacağına dair fikilər də səsləndirilir. Bəzi ekspertlər BRİKS-ə üzvlüyün Qərblə münasibətləri zədələyəcəyini iddia edirlər.
Bakı üçün çoxvektorlu siyasət indiki şərtlərdə keçərlidirmi? Azərbaycanın bu sammitdə iştirakı Qərb tərəfdaşları tərəfindən necə dəyərləndirilir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın BRİKS sammitində iştirak etməsi Qərbdə birmənalı qarşılanmır:
“Aydın məsələdir ki, bir çoxları, xüsusilə də Qərb dairələrinin BRİKS-lə bağlı təsəvvürü kökündən yanlışdır. Bu təşkilat iqtisadi əsaslarla yaradılıb, yəni heç bir siyasi və hərbi tərəfi yoxdur. Amma perspektivdə belə hədəflər ola bilər. Bu baxımdan Bakının BRİKS-ə üzv olmaqla Şərq blokunu seçdiyinə dair fikirlər yanlışdır. Azərbaycan heç bir blokun yanında deyil, balanslı siyasət yürüdür və buna sadiqdir.
Bakının indiki həssas dönəmdə bu siyasətdən imtina etməsi real deyil. Lakin Qərb yenə ənənəvi olaraq Azərbaycana təzyiq göstərir, bunun üçün BRİKS-ə, yaxud hər hansı başqa bəhanəyə ehtiyac yoxdur. Əslində bu, təəccüblü deyil, qərəzli rəftar hər zaman olub”.

Qabil Hüseynli
Politoloqun sözlərinə görə, Kazan şəhərində baş tutan sammit Bakı üçün mühüm ola bilər:
“Bu sammitə üzvlüklə bağlı müraciət edilə, ya da bu istəyimiz rəsmi şəkildə dilə gətirilə bilər. Azərbaycanın təşkilata üzvlüyündə həm Rusiya, həm də İran maraqlıdır. Fikrimcə, Türkiyə və Azərbaycan eyni anda üzv ola bilər. Dediyim kimi, BRİKS hərbi, ya da siyasi təşkilat deyil. Buna görə də üzvlük heç bir halda Qərbin təzyiqi üçün əsas ola bilməz. Əgər bu səbəbdən Azərbaycan hədəf göstərilirsə, o zaman CAR və Braziliyaya da eyni şəkildə münasibət bildirilməlidir. Əks təqdirdə bu, qərəzli yanaşma olacaq”.
Turan Rzayev
Globalinfo.az














