İqbal Ağazadə: “Ermənilər anladılar ki, Azərbaycan istədiyi vaxt Laçın yolunu bağlaya bilər”

“Hakimiyyəti sülhməramlıları ölkəyə gətirməkdə ittiham etmək əsassız yanaşmadır”

Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– İqbal bəy, bu günlərdə sədri olduğunuz partiyanın 20 yaşı tamamlandı. Bu müddət ərzində siyasətçi kimi nəyə nail olmusunuz? Hansı parlaq nəticə əldə edə bilmisiniz? “Mən bunu etdim” deyib, ürəklə hansı nəticəni göstərə bilərsiniz?

– Bu sual əslində şəraitə və dövlətlərin inkişaf səviyyəsinə görə siyasi təşkilatlara fərqli şəkildən verilə bilər. Hesab edirəm, fərqli cavablar da alına bilər.

İlk öncə onu qeyd edim ki, 20 il ərzində biz sistemli bir partiya yaratdıq. Azərbaycanın mövcud siyasi partiyaları içərisində yeganə partiyayıq ki, nə 1992-1993-cü il xalq hərəkatı sonrası iqtidara gələn hakimiyyətin siyasi bazası hesabına, nə də mövcud hakimiyyətin siyasi bazasına söykənərək bir partiya formalaşdırdıq. Biz müstəqil şəkildə bir partiya formalaşdırdıq və bu, Azərbaycan tarixində yeganə hal idi. Heç bir partiya bu istiqamətdə bizimlə rəqib ola bilməz. Azərbaycan həm milli problemləri, həm də demokratiya problemləri olan bir ölkədir. Biz çalışdıq ki, bu istiqamətdə olan bütün problemlərin həlli istiqamətində dövlətçilik mövqeyimizi ortaya qoyaq. Biz həm də çalışdıq ki, demokratikləşmə istiqamətində bacardığımız qədər dövrün şəraitinə uyğun addımlar ataq. Hesab edirəm, bu istiqamətdə də kifayət qədər faydalı işlər gördük.

Ümid Partiyası Azərbaycanda Qarabağ ilə bağlı ən çox danışan partiya olub. İnsan haqlarının qorunması istiqamətində bizə münasibətindən asılı olmayaraq hər kəsin haqq-hüququnu qorumuşuq. Bu fəaliyyətimiz həm parlamentdə olduğumuz dönəmdə, həm də olmadığımız dönəm davam edib. Haqqı pozulan media nümayəndələrinin haqqının qorunması istiqamətində başda özüm olmaqla, partiyamız işlər görüb. Hökumətə konstitusiya, seçki məcəlləsi islahatları, antiböhran, Qarabağa qayıdış proqramı təklif etmişik.

Bu gün Ümid Partiyası təkcə məndən ibarət deyil. Bizim 68 rayonda strukturlaşmış partiya təşkilatımız, 57 mindən çox üzvümüz var. Biz Azərbaycan siyasətinə çoxlu insanlar qazandırmışıq. Bu gün onlar içərisində partiyamızda fəaliyyət göstərənlər də var, partiya sıralarından ayrılanlar da. Siyasəti bizdən öyrənən insanlar çoxdur. Bu da bizim həm də bir məktəb olduğumuzu göstərir. Biz 2005-ci ildə barış dialoq xəttini partiyamız üçün əsas xətt kimi götürmüşük. Çoxları ilk vaxtlar buna istehza ilə yanaşaraq gülürdü. Lakin bu gün əksər partiyalar bizim açdığımız bu cığırdan gedərək dialoq xəttini seçib.

Ümid Partiyası bu 20 ildə həm də ikili adlardan imtina ilə bağlı mövqe qoyub. Biz 2022-ci il dekabrın 15-də “Vətəndaş Birliyi partiyasından imtina edib, Ümid partiyası ilə birləşdik. O dövrü xatırlayırsınızsa, neçə Cəbhələrin, neçə Vəhdətlərin olduğunu bilirsiniz. Bizim bu xətdən imtina etməyimizdən iki il sonra digər partiyalar da birləşdilər.

– “Siyasi partiyalar” haqqında Qanun Milli Məclisdə qəbul edildi. Bu qanunla bağlı özünüzün, partiyanızın mövqeyi necədir?

– “Siyasi partiyalar” haqqında Qanunun dəyişməsi olduqca vacib idi. Əslində Azərbaycanda siyasi partiyalar haqqında qanun 1993-cü ildə qəbul edilib. Zaman keçdikcə həmin qanun layihəsinə bir neçə dəfə əlavələr, düzəlişlər edilib. Bu mənada yeni qanun layihəsinin qəbuluna ehtiyac var idi. Əlbəttə ki, yeni qanun layihəsində bizi qane etməyən tərəflər var idi. 200 nəfər təsisçinin olması və 20 il vətəndə yaşama tələbləri buna misal ola bilər. Bundan başqa, hamını narazı salan üzvlərin sayı, reyestr kimi məsələlər bizi qətiyyən narahat etmir.

– Beş gündür Şuşada məlum aksiya keçirilir. Sülhməramlıların fəaliyyətinə etiraz edilir. Siz durumu təhlil edərkən, bu aksiyanın mövcud vəziyyəti dəyişəcəyinə inanırsınızmı?

– Bu aksiyaları mən də dəstəkləyirəm. Mən aksiyanın iqtisadi-ekoloji tərəfindən qətiyyən danışmaq istəmirəm. Hesab edirəm, müzakirə ediləsi əsas məqam aksiyanın siyasi tərəfidir. Aksiya ilk dəfə olaraq erməni əsilli Azərbaycan vətəndaşlarına onu göstərdi ki, Azərbaycan istədiyi zaman Laçın yolunu bağlaya bilər. Yəni erməni əsilli vətəndaşlar ya birmənalı olaraq vətəndaşlığı qəbul etməli, ya da tədricən Ermənistana köçməlidirlər. Laçın yolunda, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyətində olan ərazilərdə Azərbaycan nəzarəti tam şəkildə təmin edilməlidir. Hesab edirəm, aksiya bu siyasi mesajları ehtiva edir və mesaj öz ünvanına artıq çatıb.

–  Azərbaycan müxalifətinin mövcud durumundan razısınızmı? Bəzi ayamalar deyilir bu düşərgə haqda. Məsələn, “avtobus müxalifəti”, “cib müxalifəti” və s. Siz özünüzü hazırkı müxalifətlə eyni sırada görürsünüz, yoxsa, başqa fərqli, daha üstün mövqedə olduğunuzu iddia edirsiniz?

– Ümid Partiyası heç kəslə bir sırada deyil. Azərbaycan müxalifətinin vəziyyətini mən ümumi xarakterizə etmək istəməzdim. Azərbaycanda kifayət qədər müxalif partiya var. Onlar barəsində öz üzvləri razılıq və ya narazılıq bildirə bilər. Ümid Partiyası olaraq bizim öz yerimiz var. Bizi heç kəs əvəz edə bilməz. O ki qaldı qeyd etdiyiniz ayamalara, onların bizə heç bir isti-soyuğu yoxdur. Biz bu adları özümüzə aid etmirik.

Məsələ ondadır ki, 1988-ci ildən Azərbaycanda başlanan partiyalaşma prosesində qəhrəmanlaşan və ya xain elan edilən insanların sayı çoxdur. Bu da əslində sovet dönəmində qalan sosial damğaçılıq siyasətindən irəli gəlir. Misal üçün, 1935-37-ci illərdə “kulak” “qolçomaq” ayamaları vardı. 1937-ci ildən isə “xalq düşmənləri” termini ortaya çıxdı. 1953-cü ildə İosif Stalinin ölümü sonrası isə “şəxsiyyətə pərəstiş” damğası vurulmağa başlandı. 1988-ci ildən etibarən isə KKB ittihamları ortaya çıxdı. Bu mənada bu gün “avtobus müxalifəti”, “cib müxalifəti” ayamaların deyilməsində qeyri-adi heç nə yoxdur. Hesab edirəm, cəmiyyət saflaşdıqca bu kimi yanaşmalar da tədricən aradan  qalxacaq. Məni o məsələ narahat edərdi ki, siyasi partiyalar təzyiq ilə öz yollarından dönsün. Biz yolumuzu, xəttimizi inandığımız proqrama uyğun qururuq. İctimai rəy bir dəfə xeyrimizə, bir dəfə ziyanımıza ola bilər. Siyasi partiya olaraq biz ictimai rəy tərəfindən idarə edilmirik. Əksinə, bu gün bizim ictimai rəyə təsir edəcək kadrlarımız, resurslarımız var. Bu gün başqa partiyaların nümayəndələri bizi “avtobus müxalifəti”, “cib müxalifəti” kateqoryasına aid etməyə çalışsa, bu, quru divara palçıq vurmaq kimi bir şey olacaq.

– Bəzən hakimiyyəti ittiham edirlər ki, sülhməramlıları özü gətirib, indi niyə buna qarşı çıxır. Siz necə düşünürsünüz, 10 noyabrda üçlü Bəyanat imzalanmadan öncə, Azərbaycanın sülhməramlı kontingentin Qarabağa gətirilməsinə qarşı çıxmaq imkanları vardımı? Bundan imtina etmək mümkün idimi?

– 10 noyabr Bəyanatında Rusiya sülhməramlılarının regiona gəlməsinin qarşısını almaq üçün zərrə qədər də olsa imkan olsa idi, Azərbaycan Prezidenti cənab İlham Əliyev buna izin verməzdi. Bu bəlkə də ən çox onun xeyrinə olardı. Təsəvvür edin, biz 44 günlük savaş ilə Azərbaycanın qəlbindəki yaranı birdəfəlik kəsib atardıq.

Azərbaycanda rus qoşunları yox idi. Mövcud hakimiyyət rus qoşunlarının Azərbaycana gəlməsi üçün heç bir siyasət sərgiləməyib. Halbuki 1993-2003-cü illərdə Rusiya buna cəhd göstərib. Azərbaycan isə hər dəfəsində bundan imtina edib. Bizim KTMT-yə üzv olmamağımızın səbəbi də məhz budur. Hesab edirəm, hakimiyyəti sülhməramlıları ölkəyə gətirməkdə ittiham etmək əsassız yanaşmadır. Bu gün bütün siyasi proseslər bizim xeyrimizədir. Mən milli məsələdə ittihamın tərəfdarı deyiləm. Hazırda birlik, bərabərlik daha vacib məsələdir.

– Ümid niyə parlament partiyasına çevrilə bilmir? 2015-ci ildə partiyanızın dəstəyi ilə “125-lər” Siyasi Klubu təsis edildi. Seçkidə xeyli namizədlə iştirak etdiniz. Amma heç özünüz də deputat ola bilmədiniz. Siz bir neçə çağırış Milli Məclisin deputatı olmusunuz. Hakimiyyətin sizinlə bağlı mövqeyinin dəyişməsi nə ilə bağlıdır?

– Bu sualı demokratik prinsipləri, demokratik seçkini pozan iqtidara yönəltmək lazımdır. Mən seçicinin rəyini aldım. Seçici mənim haqqımı tanıdı. Mənim haqqımı tanımayan Azərbaycan hakimiyyətidir.

Turan Rzayev

Globalinfo.az