Çin lideri Si Cinpin çərşənbə günü Səudiyyə Ərəbistanına səfərə gedib. Bu səfər dünya mediasında ciddi müzakirələrə səbəb olub. Çin lideri Səudiyyə Ərəbistanında bu ölkənin kralı Salman bin Əbdüləziz, onun oğlu və faktiki olaraq dövlətin ikinci adamı Məhəmməd bin Salmanla yanaşı Körfəz ərəb ölkələri liderləri ilə görüşəcək.
Belə ki, Səudiyyə Ərəbistanında ilk dəfə olaraq Çin-Ərəb Dövlətləri Sammiti, eləcə də Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Çin lideri ər-Riyadda yüksək səviyyədə qarşılanıb. 86 yaşlı kral hava limanına gələrək Çin liderini şəxsən qarşılayıb. Səfər xeyli dərəcədə məhsuldar keçib. Artıq iki ölkə arasında müxtəlif enerji və iqtisadi sahələri əhatə edən 34 sərmayə müqaviləsi imzalanıb. Səudiyyə Ərəbistanı investisiya naziri Xalid əl-Falih bildirib ki, bu sənədlər iqtisadi və investisiya sahələrində Ərəbistan-Çin əlaqələrinin inkişaf etməsinə xidmət edəcək.
Qeyd edək ki, iki ölkə arasında əlaqələr son 20 ildə sürətlə inkişaf edib. Məsələn, 2000-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında ticarət həcmi 3 milyard dollar olduğu halda 2020-ci ildə 66, 2021-ci ildə isə 80 milyard dollara çatıb. 2022-ci ildə bu rəqəmin daha da böyüyəcəyi gözlənilir. Çin Səudiyyə Ərəbistanı neftinin əsas alıcılarındandır, eyni zamanda Pekin krallığa silahlar da daxil olmaqla müxtəlif məhsullar satır.
2016-cı ildə isə iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalanıb. 2018-ci ildə Çin və Səudiyyə Ərəbistanı hərbi donanması Qırmızı dənizdə birgə hərbi təlimlər keçirib. Yeri gəlmişkən, dünən ər-Riyad hava limanında Si Cinpin deyib ki, Çin və Səudiyyə arasında strateji əlaqələr dərinləşir, etimad yaradılır.
Ancaq əlbəttə, Çin liderinin Ərəbistana səfəri daha çox ABŞ-ın körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə münasibətlərinin soyuması fonunda diqqət çəkir. ABŞ-ın hazırkı demokrat administrasiyası, xüsusən də prezident Baydenlə Səudiyyə Ərəbistan liderləri arasında münasibətlər soyuqdur. Demokratların Yaxın Şərq münaqişələrində, xüsusən də Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verilən dəstəyi dayandırması, jurnalist Camal Qaşıqçı işində vəliəhd-şahzadə Məhəmməd bin Salmana qarşı sərt tənqidlər ər-Riyadda qəzəblə qarşılanır. Qəribə də olsa indi ABŞ-ın körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına ehtiyacı yaranıb. Rusiya ilə yaranmış böhran səbəbindən dünya bazarında gözlənilən neft qıtlığını Səudiyyə Ərəbistanı və onun liderlik etdiyi OPEC aradan qaldıra bilərdi. Lakin məlum olduğu kimi, Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edərək faktiki olaraq ABŞ-a qarşı çıxdı. Hətta Baydenin Ərəbistana səfəri və vəliəhdlə görüşü belə bu qərara təsir edə bilmədi.
Əlbəttə, Ərəbistan-Çin yaxınlaşması yeni hadisə deyil. 1980-ci illərdə Çinin Ərəbistana silah satışı Vaşinqton-Riyad münasibətlərini gərsə də, sonradan bu gərginlik unudulub. Ancaq indi xüsusən də regionda situasiya dəyişir. Çin Afrikadan sonra Yaxın Şərqdə sürətlə möhkəmlənir. Pekin 2015-ci ildə ilk dəfə qitədən uzaqda Cibuti ərazisində, yəni həm də Səudiyyə Ərəbistanı ilə üzbəüz sahildə hərbi dəniz bazası qurub. Regionda Çin sərmayəsi və şirkətlərinin sayı ildən-ilə artır. Bu mənada Səudiyyə Ərəbistanında keçiriləcək Çin-Ərəb Dövlətləri Sammiti yeni siyasi reallığın yaranması prosesinin bir elementi kimi dünyada böyük maraq oyadıb.
Əlbəttə, Çin liderinin ərəb liderlərlə toplantı keçirməsinin əsas səbəbi heç də neft və qaz ticarəti deyil. Çin hazırda İran, İraq və Rusiya kimi zəngin neft-qaz ehtiyatına malik ölkələrlə tərəfdaşdır və bu ölkələrdən neft-qaz alışını davam etdirir. Başqa sözlə, Çinin hazırda neft və qaz idxalı ilə bağlı hər hansı ciddi problemi yoxdur. Onsuz da hazırda Pekin İran və Rusiyadan bazar dəyərindən ucuz neft alır.
Çin-Ərəb Dövlətləri Sammiti daha çox ABŞ-Çin rəqabəti kontekstində şərh olunmalıdır. ABŞ-ın nisbətən diqqətini yayındırdığı regiona Çin sürətlə daxil olur. Əldə olunan sazişlər yaxın illərdə region ölkələrdə böyük həcmdə Çin sərmayəsinin daxil olacağını, böyük layihələr həyata keçiriləcəyini göstərir. Xüsusən də Səudiyyə Ərəbistanı yaşıl enerji və turizm potensialının genişləndirilməsi üçün bir çox yeni layihələr üzərində çalışır.
Bəs Vaşinqton bu prosesə necə yanaşacaq? Vaşinqton üçün Yaxın Şərq, xüsusən də körfəz xüsusi əhəmiyyət kəsb edir. Bunu iyulda regiona səfər edən prezident Bayden də etiraf etmişdi. Açıq şəkildə bildirmişdi ki, yaranmış boşluğun Çin, Rusiya və İran tərəfindən doldurulmasına imkan verməyəcəklər. Lakin gedişat göstərir ki, Vaşinqton hələlik keçmiş müttəfiqlərini əlində saxlamaq üçün hər hansı ciddi addımlar ata bilmir. Burda Ukrayna müharibəsinin də rolu var. Lakin ümumilikdə Bayden administrasiyasının Yaxın Şərqdə yeni siyasət konfiqurasiyası uğurlu alınmadı. İndi Vaşinqton Yaxın Şərqi “güzəştə getməmək” üçün region siyasətini yenidən formalaşdırmalıdır.
Bu isə yalnız iki halda mümkün görünür. Birincisi, bölgədə ciddi kataklizm səviyyəsində hadisənin baş verməsidir. 1991-ci il körfəz müharibəsi ABŞ-ın regional mövqeyini gücləndirdi. Oxşar bir hadisə regionun ərəb ölkələrini yenidən ABŞ ətrafında toplaya bilər.
İkincisi isə hazırkı komandanın dəyişməsi, daha sərt və mühafizəkar komandanın iqtidara gəlməsidir.
Ancaq unutmaq olmaz ki, indi 30 il öncə ilə müqayisədə dünyada şərtlər ciddi şəkildə dəyişib. Çin əvvəlki ölkə deyil, ərəb dövlətləri də 30 il qabaqkı ölkələr sayılmaz. İstənilən halda Çin yaxın illərdə Yaxın Şərqdə ABŞ üçün çox ciddi alternativə çevriləcək.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Globalinfo.az üçün













