Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı xüsusi tapşırığında nə vardı? – İllər sonra bilindi ki…

Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı xüsusi tapşırığında nə vardı? - İllər sonra bilindi ki...

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovdur.  

– Fərhad müəllim, artıq bir neçə ildir ki, “Qərbi Azərbaycan” məfhumu ölkəmizin istər siyasi, istərsə də elmi dairələrində mövqe qazanıb. Xüsusilə 44-günlük Vətən Müharibəsində tarixi Zəfərdən sonra Qərbi Azərbaycan mövzusu daha çox gündəmdədir. Ölkə rəhbərliyinin daim bu mövzunu həm daxili, həm də xarici gündəlikdə saxlaması, dövlət başçısının Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi hədəflər bir növ elmi ictimaiyyət arasında da canlanma yaratdı. Qərbi Azərbaycan mövzusuna diqqət daha da artdı. Sizin fikrinizcə, bu sahədə hansı nailiyyətlər əldə olunub və daha nələrin həllinə ehtiyac var?

– Doğru qeyd etdiniz ki, “Qərbi Azərbaycan” məfhumu bu gün artıq cəmiyyətimizdə birmənalı qəbul edilib və mübahisə doğurmur. Vaxtilə ermənilərin, havadarlarının ortaya atdığı və sovet dövründə bizim də alimlərin işlətdiyi “Şərqi Ermənistan” – onlar bizim əzəli torpağımız olan İrəvan xanlığını belə adlandırırdılar – anlayışından biz imtina etmişik. Artıq keçən əsrin sonlarından başlayaraq tarixçi, ədəbiyyatçı alimlərimiz öz əsərlərində Qərbi Azərbaycan ifadəsini işlətməyə başlamışlar. Təbii ki, bu məsələdə dövlətin mövqeyinin də böyük əhəmiyyəti var idi. Vaxtilə mərhum prezident Heydər Əliyev bu məsələnin istər ölkə daxilində, istərsə də xaricdə gündəmə gətirilməsini, daha çox araşdırılmasını və təbliğ olunmasını tövsiyə edirdi. O, çıxışlarının birində söyləmişdir: “Bundan sonra da elə əsərlər yazılmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək üçün bir yol açmalıyıq. Biz bununla heç vaxt razılaşa bilmərik. Tarix böyükdür. Bir əsrdə olan hadisələr də sonrakı əsrdə dəyişilə bilər. Biz sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt nə mümkün olacaq, – bunu tarix göstərəcəkdir. Bizim indiki vəzifəmiz Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi zaman beynəlxalq təşkilatların qəbul etdiyi sərhədlər içərisində Azərbaycan torpaqlarını qoruyub saxlamaqdan ibarətdir. Biz məhz bu tarixi torpaqlarmızın bizə mənsub olmasını daim sübut etməliyik. Bu, bizim geniş miqyasda işimizdir”.

Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. İllər sonra bilindi ki, bu siyasətin əsası necə qoyulub.

Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu konseptual yanaşmanı biz 2003-cü ildən sonra da müşahidə etdik. Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında İrəvan, Göyçə, Zəngəzur məsələlərinə toxunması və bizim bu torpaqlara tarixi hüquqlarımızın olması haqqında fikir səsləndirməsi, onun təşəbbüsü ilə İrəvan xanlığının tarixi, Azərbaycan türklərinin o bölgədə tarixi-mədəni irsi haqqında araşdırmaların aparılması bu məsələdə dövlət siyasətinin əsas prioritetlərini göstərir. Xatırlayırsınızsa, hətta ölkə başçısı çıxışlarının birində KİV nümayəndələrinə tövsiyə etmişdir ki, indiki Ermənistan Respublikası ərazisində olan toponimlər onların müasir, qondarma adları ilə yox, tarixi adları ilə qeyd edilsin. Bunun çox böyük əhəmiyyəti var, çünki biz şüurlarda indiki Ermənistan ərazisinin vaxtilə bizim torpaqlarımız olmasını təlqin eləməliyik və bunun üçün cəmiyyətimiz tariximizi, keçmişin həqiqətlərini yaxşı bilməlidir.

Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı xüsusi tapşırığında nə vardı? - İllər sonra bilindi ki...

Fərhad Cabbarov

– Bəs alimlərimiz bu işi bacara bilirlərmi?

– Əlbəttə. Qeyd edim ki, geniş spektrdə baxsaq, alimlərimiz Qərbi Azərbaycan mövzusunun araşdırılması, yeni faktların üzə çıxarılması istiqamətində çox işlər görüblər. Qərbi Azərbaycan bölgəsinin ən uzaq keçmişdən müasir dövrə qədər olan tarixi, arxeologiyası, folkloru, ədəbiyyatı, maarif və mətbuat tarixi, toponimikası, etnoqrafiyası və s. dair cildlərlə kitablar yazılıb. Tarixi torpaqlarımızın XX əsr boyu qoparılaraq ermənilərə verilməsi və indi Qərbi Azərbaycan ərazisində mövcud olan Ermənistan Respublikasının hazırkı sərhədlərə necə gəlib çıxması tarixçilərin araşdırmalarının ən mühüm istiqamətidir desək, yanılmarıq. Bu mövzuda çoxsaylı arxiv sənədləri elmi dövriyyəyə gətirilib və mühüm elmi nəticələr əldə edilib. Tədqiqatların daha bir qolunu ermənilərin Qərbi Azərbaycana köçürülməsi və burada etnodemoqrafik vəziyyətin onların xeyrinə dəyişməsinin öyrənilməsi təşkil edir. Ermənilərin buraya gəlmə xalq olduqları, XIX əsrin əvvəlində Rusiya tərəfindən köçürüldüyü və onlara imtiyazlar verildiyi, yerli türk-müsəlman əhalinin isə təqiblərə məruz qaldığı tarixi faktlarla sübut edilib.

Və nəhayət, Qərbi azərbaycanlıların soyqırımı, deportasiyası mövzusu. Hələ keçən əsrin sonlarından başlayaraq bu məsələnin öyrənilməsi üçün ilk addımlar atılırdı, hazırda isə bizim alimlərin gərgin əməyi nəticəsində 1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə ermənilərin Qərbi azərbaycanlılara qarşı törətdiyi terror və qırğınlar, deportasiyalar haqqında tutarlı faktlar üzə çıxarılıb.

Bütün bunlar, şübhəsiz ki, nailiyyətlərdir və alimlərimizin gərgin əməyi bu gün bizə beynəlxalq platformalarda əsaslı arqumentlərlə öz haqlı mövqeyimizi müdafiə etməyə imkan verir. Əlbəttə ki, bunlar kifayət etmir. Müasir dövrdə informasiya mübarizəsinin də öz prinsipləri var və burada əsas meydan internet resurslarıdır. Bugünkü müsahibəmizdən əvvəl mən maraq üçün Google-da ingilis və rus dillərində “Qərbi Azərbaycan” ifadəsi üzrə axtarış etdim və açığı deyim, bir qədər məyus oldum. Təsəvvür edin, ilk çıxan məlumat İrandakı Qərbi Azərbaycan vilayəti haqqında məlumatdır. Bizim haqqında danışdığımız Qərbi Azərbaycan mövzusu barəsində isə internetdə əsasən xəbər xarakterli məlumatlara rast gəlirsən. Məsələn, hansı tədbir keçirilib, təqdimat olub, kiminsə müsahibəsi və s. Yəni ingilis və ya rusdilli oxucu bu mövzuda axtarış etsə, Qərbi Azərbaycanın tarixi, ümumiyyətlə, bu məfhumun hansı məna daşıması haqqında ən sadə məlumatı belə tapa bilməyəcək. Məncə, bu barədə ciddi düşünməyimiz vacibdir, çünki internet əsrində biz bu həssas və strateji mövzuda hələ də ciddi nailiyyətlər əldə etməmişik.

İkinci məsələ. Yuxarıda sadaladığım elmi əsərlərin əksəriyyəti Azərbaycan dilində yazılıb, çox az bir qismi xarici dillərə tərcümə olunub. Buna da ciddi diqqət yetirməliyik, çünki biz Qərbi Azərbaycan mövzusunu yalnız özümüz deyib, özümüz eşitmək üçün qaldırmırıq. Biz bunu həm də dünyaya mesaj kimi ötürürük.

Nəhayət, üçüncü məsələ, fikrimcə, buna da ciddi diqqət ayırmalıyıq. Bu gün Qərbi Azərbaycan haqqında yazılan əsərlərin böyük əksəriyyəti akademik səviyyədə yazılıb. Elmi-populyar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan əsərlər yaradılmalıdır. Bu mövzu yalnız alimlərin yazdığı monoqrafiyalarla, elmi məqalələrlə, konfranslarda etdikləri çıxışlarla məhdudlaşmamalıdır. Vaxtilə sovet dövründə çıxan bəzi kitabların arxasında belə bir qeydə rast gəlmək olurdu: “Gənclər üçün” və ya “Uşaqlar və yeniyetmələr üçün”. Yəni, həmin kitablar konkret yaş kateqoriyaları üçün nəzərdə tutulduğundan məktəblilərin, gənclərin dünyagörüşünə uyğun yazılırdı. Biz də bu təcrübədən istifadə etməliyik. Xüsusilə ona görə ki, bu gün biz vətənpərvər, bütöv Azərbaycan amalı ilə böyüyən gənc nəsil yetişdiririk.

Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı xüsusi tapşırığında nə vardı? - İllər sonra bilindi ki...

– Sonuncu fikirlərinizlə bağlı belə bir sual vermək istərdim. Qərbi Azərbaycan mövzusu tarix dərsliklərində əks olunurmu və olunursa, Sizcə, qənaətbəxş səviyyədədirmi?

– Deməzdim. İstər orta, istərsə də ali məktəblər üçün nəzərdə tutulan dərsliklərdə şagird və tələbələrə Qərbi Azərbaycan haqqında ən minimal informasiya verilir. Məsələn, həmin kitablardan dərsə hazırlaşan gənc ümumiyyətlə, Qərbi Azərbaycan dedikdə hansı coğrafiyanın nəzərdə tutulduğunu, bölgənin sərhədlərinin haradan-haraya qədər olduğunu bilmir. Ən yaxşı halda o, bilir ki, İrəvan, İrəvan xanlığı Qərbi Azərbaycana daxildir. Bəs başqa yerlər? Göyçə, Dərələyəz, Zəngəzurun qərbi? Axı bunlar da indiki Ermənistanın ərazisidir və bizim torpaqlardır. Məncə, biz bu mövzunun həm orta məktəblərdə, həm də universitetlərdə öyrədilməsinə yanaşmamızı dəyişməliyik. Bizim tarix dərsliklərimizdə bir yaxşı ənənə var. Biz Şimali Azərbaycan adı altında Azərbaycan Respublikasının yerləşdiyi coğrafiyanın tarixini öyrətməklə yanaşı, şagird və tələbələrə ayrıca paraqraflarda Cənubi Azərbaycan tarixini də keçirik. Bu da onlara Azərbaycanın tək indiki müstəqil respublikamızdan ibarət olmadığını, cənub torpaqlarımızın da Vətənin tərkib hissəsi olduğu hissini aşılayır. Qərbi Azərbaycan mövzusunu da bu cür keçmək faydalı olardı. Dərsliklərdə xüsusi paraqraflar əlavə etməklə, Qərbi Azərbaycan tarixinin ən önəmli hadisələrini burada vermək olar.

– Erməni təbliğatının bizə qarşı istifadə etdiyi arqumentlərdən biri də 1918-ci ildə Ermənistan Respublikasının yaranması ərəfəsində bu ərazidə ermənilərin azərbaycanlılardan sayca üstün olma faktıdır. Bu arqument nə dərəcədə əsaslıdır, arxiv mənbələri bu barədə nə deyir?

– Əvvəlcədən deyim ki, tam əsassız arqumentdir, çünki burada tarixi proseslərin qanunauyğunluğu nəzərə alınmır. Ermənilər öz ənənələrinə sadiq qalaraq, hansısa konkret dövrə aid sənədi və ya rəqəmi əsas gətirərək bunu bütün əvvəlki və sonrakı dövrə da aid edirlər. Onlar əsasən 1918-ci il ərəfəsindəki statistik məlumatlara, konkret desək, “1917-ci il üçün Qafqaz təqvimi” adlı məcmuədə verilmiş rəqəmlərə istinad edirlər. Belə ki, təqvimdə İrəvan qəzasında (bura İrəvan şəhəri də daxil idi) müsəlmanların 45,5 %, ermənilərin isə 52 % təşkil etdiyi qeyd edilir. Ancaq burada bir məqam var. Həmin rəqəmlər 1828-ci ildən başlayaraq Rusiyanın apardığı köçürmə siyasətinin nəticəsidir. İran və Türkiyə ərazisindən köçürülən və İrəvanda yerləşdirilən ermənilər get-gedə buranın əzəli sakinləri olan azərbaycanlıları üstələməyə başladılar. Həmin azərbaycanlıları ki, onlar ən azı XVI əsrdən başlayaraq bu bölgədə mütləq əksəriyyət təşkil edirdilər. Buna dair çoxsaylı faktlar var, lakin mən rəqəmlərlə oxucuları yormaq istəmirəm. Sadəcə bir faktı deyəcəm. Erməni tarixçisi A.Badalyan hələ 1953-cü ildə yazırdı ki, 1831-1914-cü illər ərzində keçmiş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları hesabına yaradılmış Erməni vilayəti-İrəvan qəzası-İrəvan quberniyası ərazisində (yəni Qərbi Azərbaycanda) əhali 852,5 min nəfər, yəni 5,3 dəfə artmışdır. Lakin bu artım təbii yox, mexaniki artım hesabına idi. Başqa sözlə, erməni tarixçisi etiraf edirdi ki, ermənilərin sayı təbii artım hesabına başa gəlmirdi, burada bütün XIX əsr və XX əsrin əvvəlləri boyu aparılan erməni köçləri əsas rol oynayırdı. A.Badalyanın sözlərinə görə, erməni əhalisinin orta illik artımı daha çox İrandan və Türkiyədən miqrasiyalar çoxaldığı vaxtlara təsadüf edirdi. Gördüyümüz kimi, ermənilərin say üstünlüyü kimi arqumentlə Qərbi Azərbaycana iddiaların əsaslandırılması tarixi reallığı əks etdirmir və növbəti erməni saxtakarlığıdır.

– Siz 1905-1906-cı illərdə baş vermiş erməni-azərbaycanlı münaqişəsinin tarixi üzrə mütəxəssissiniz, bu barədə çoxsaylı araşdırmalarınız var. Həmin münaqişənin əhatə etdiyi bölgələrdən biri də Qərbi Azərbaycan olub. Bu sahədə araşdırmalarınız barədə də məlumat vermənizi xahiş edərdim.

– 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi Cənubi Qafqazın bir çox şəhər və qəzalarını əhatə etmiş ilk millətlərarası toqquşma idi. Münaqişənin miqyasına və qurbanların sayına görə müasirləri tərəfindən “qırğın” adlandırılan bu silahlı qarşıdurmanın mahiyyətini, tərəflərin mübarizə metodlarını və vasitələrini (ağır silahlardan istifadə, ərazilərin tutulması, iqtisadi zərərin vurulması, əhalinin yaşayış yerlərindən qovulması) dərindən təhlil edərkən 1905-1906-cı illərdə əsl müharibənin getdiyi aşkar görünür. 1905-ci ilin fevral-iyun aylarında Qərbi Azərbaycan millətlərarası qarşıdurmanın əsas mərkəzinə çevrilmişdi. Bakıda olduğu kimi, İrəvanda da erməni-azərbaycanlı münasibətlərində elə bir vəziyyət yaranmışdı ki, kiçik qığılcım qarşılıqlı ədavətin adi cinayətdən də böyük fəlakətə gətirə bilərdi. Fevralın 21-də ermənilər azərbaycanlılara hücum etməyə başladılar. Yarım saatdan da az müddətdə 7 azərbaycanlının öldürüldüyü, 12 nəfərin yaralandığı məlum oldu. Şahidlərin ifadələrinə əsasən atəş ermənilərə məxsus evlərdən açılırdı, lakin polis atəş açanları tapa bilməmişdi. Fevralın 22-də İrəvan şəhəri ilə yanaşı, İrəvan quberniyasında da erməni-azərbaycanlı toqquşmaları baş vermişdi. Qərbi Azərbaycan qırğınları zamanı ermənilər azərbaycanlıları münaqişənin səbəbkarı kimi göstərmək məqsədilə mətbuat səhifələrində təbliğat kampaniyasına əl atdılar. 1905-ci ilin may-iyun aylarında Naxçıvanda və İrəvanda baş verən münaqişə erməni təbliğatının yeni xüsusiyyətini üzə çıxardı. Əgər əvvəl erməni ictimai-siyasi xadimləri, publisistləri öz məqalə və çıxarışlarında millətlərarası toqquşmaların səbəbkarı qismində həm ermənilərin, həm də azərbaycanlıların ümumi düşməni elan olunan Rusiya hökumətini təqdim edirdilərsə, indi aksent guya toqquşmalara təkan verən digər qüvvəyə yönəldilirdi. Bu dəfə günahkar qismində panislamizm ideologiyası elan olunmuşdu: guya Osmanlı dövlətindən Qafqaza gələn panislamizm tərəfdarları azərbaycanlılar arasında xristianlara qarşı ümumi mübarizə ideyalarını təbliğ edirdilər və bu mübarizə çərçivəsində ermənilərin məhvi nəzərdə tutulurdu. Panislamizm amilinin ortaya atılması təsadüfi deyildi. Millətlərarası toqquşmalara dini rəng verməklə, ermənilər ictimaiyyətin diqqətini belə bir fikrə yönəltmək istəyirdilər ki, əgər onlar fanatik müsəlmanların ilk qurbanlarıdırsa, növbəti qurbanlar ruslar və digər xristianlar ola bilər. Bununla da ermənilər antimüsəlman əhval-ruhiyyəni qızışdırmaqla bir daha Rusiya imperiyasının, bütün xristianların islam təhlükəsi ilə üzləşməsi ideyasını gündəmə gətirmək istəyirdilər. İrəvan qubernatorunun 1905-ci il üzrə hesabatına görə, quberniyada erməni-azərbaycanlı qırğınları zamanı qurbanların sayı 600-ü ötmüşdü, onlardan da 358-i müsəlmanlar idi. 177 müsəlman yaralanmış, 41 nəfər itkin düşmüşdü. İrəvanda 1906-cı ilin mayında başlanan qırğınların sonuncu mərhələsi də azərbaycanlılar arasında daha çox tələfatla müşayiət olunmuşdu.

Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı xüsusi tapşırığında nə vardı? - İllər sonra bilindi ki...

Təəssüf ki, bu münaqişə 1906-cı ildə sülhlə başa çatsa da, ermənilərin azərbaycanlılara qarşı terroru bitmədi. 1918-ci ildə onlar yeni qırğınlara başladılar və daha çox soydaşımızı qətlə yetirdilər, didərgin saldılar. Sonrakı dövrlərdə həyata keçirilən soyqırımlar, etnik təmizləmələr soydaşlarımızın tamamilə öz yerlərindən qovulması və Qərbi Azərbaycanda türk-müsəlman əhalisinə məxsus izlərin silinməsi ilə nəticələndi. Bizim borcumuz bunları unutmamaq, tarixi torpaqlarımıza olan təbii haqqımızı tələb etmək və ora qayıtmağımız üçün bütün gücümüzü səfərbər etməkdir.

Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Zaira Akifqızı

Globalinfo.az