ABŞ Dövlət katibi Antoni Blinken müharibənin viran qoyduğu Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün diplomatik səylərin intensivləşdiyi və mülki əhali arasında itkilərin azaldılması üçün İsrailə beynəlxalq təzyiqlərin artırıldığı bir vaxtda Yaxın Şərqə səfər edir.
Maraqlıdır, Blinkenin səfəri regiona sülh gətirəcəkmi? Qəzaya humanitar yardım çatdırılacaq? ABŞ-ı narahat edən məqamlar nələrdir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, sülh üçün ABŞ dövlət katibinin səfəri kifayət etməz:
“Düşünürəm ki, Blinkenin səfərinin əsas məqsədi regionda müharibənin daha da genişlənməsinin qarşısını almağa yönəlib. ABŞ üçün indi xüsusilə çətin situasiyadır.
Məsələ ondadır ki, ABŞ-da seçki ilidir. Rəsmi Vaşinqton çətin siyasi mərhələdə bir tərəfdən İsrailə dəstəyi davam etdirməyə, digər tərəfdən Yaxın Şərqdə təsirini qoruyub saxlamağa nail olmalıdır. Çünki Qəzza müharibəsi həm də ABŞ-ın siyasi nüfuzuna zərbə vurur. Vaşinqton həm ərəb müttəfiqlərini itirməmək, həm də Çin və Rusiya kimi rəqiblərinə uduzmamaq üçün çalışır. Üstəlik, həm də İran və onun regiona yayılmış proksi qüvvələri ilə ölçülü mübarizə aparmalı, müharibənin bütün regiona yayılmasının qarşısını almalıdır.
Kənan Rövşənoğlu
Maraqlıdır ki, bu məsələdə Vaşinqtonun əsas problemlərindən biri də İsraildir. ABŞ-ın Yaxın Şərq müttəfiqi indi onu böyük müharibəyə cəlb etməyə çalışır. Bu mənada ABŞ administrasiyası üçün vəziyyət xeyli mürəkkəbdir. Blinken həm israilli müttəfiqlərini sakitləşdirməli, həm də ərəb müttəfiqlərini səbirli olmağa sövq etməli, İrana qarşı cəbhə yaratmalıdır. Bununla yanaşı, Çin və Rusiyanın artan nüfuzuna qarşı Vaşinqtonun kartlarını incə şəkildə oynamalıdır”.
Turan Rzayev
Globalinfo.az














