İsrailin quru əməliyyatına başlamamasının gerçək səbəbi – Maraqlı versiya

İsrailin quru əməliyyatına başlamamasının gerçək səbəbi - Maraqlı versiya

“Artıq bir neçə gündür ki, İsrail HƏMAS-ı məhv etmək üçün böyük qüvvələrin Qəzzaya girməyə hazır olduğunu bildirir. Ehtiyatda olan 300 mindən çox İsrail əsgəri Müdafiə Qüvvələrinin (IDF) sıralarına çağırılıb. Qəzza sərhədi boyunca tarlalarda, fermalarda və kibbutzimlərdə “Merkava” tankları, özüyeriyən artilleriya bölmələri və tam döyüş texnikasında olan minlərlə ağır silahlanmış piyada cəmləşdirilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Əlimusa Hüseynov deyib.

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Qəzzada HƏMAS və İslami Cihadın bütün mümkün sığınacaqlarına və silah anbarlarına zərbələr endirir:

“Bəs İsrail bir neçə gün əvvəl anons etdiyi yerüstü əməliyyata başlamır? Təbii ki, səbəblər çoxdur, amma bunlardan birinin üzərində dayanmaq istəyirik. Bu da İranın “qırmızı xətt”idir. İran son günlər İsrailin Qəzzanı işğalının cavabsız qalmayacağına dair ciddi xəbərdarlıqlar edib və Qəzzaya daxil olmanı özünün “qırmızı xətti” adlandırıb. Bəs bu nə deməkdir?

Məlum olduğu kimi, İran Yaxın Şərqdəki bir sıra silahlı qruplara maliyyə, silah və hərbi texnika yardımı edir, təlimlər keçir, müəyyən dərəcədə nəzarət altında saxlayır. Bu qrupların ən güclüsü, şübhəsiz ki, İsrailin şimal və cənub sərhədlərində möhkəmlənmiş Livan və Suriya Hizbullahıdır. 2006-cı ildə Hizbullah yaraqlıları ilə İsrail arasında çətin və nəticəsiz müharibə zamanı məlum oldu ki, İsrail tankları kamuflyajlı minalardan itkilər verir və ustalıqla planlaşdırılmış tələlərə düşür.

Hizbullah o vaxtdan məhz İranın köməyi ilə yenidən silahlandırılıb və arsenalında uzaqmənzilli, dəqiqvurma qabiliyyətinə, idarəçiliyə malik 150 minə yaxın raket olduğu güman edilir”.

Ekspertin sözlərinə görə, İsrail Qəzzanı işğal edərsə, Hizbullahın şimal sərhədində yeni cəbhə açaraq onu eyni anda iki cəbhədə vuruşmağa məcbur edə bilməsi realdır:

“Bununla belə, ABŞ-ın aviadaşıyıcı hücum qrupunun Aralıq dənizinin şərq sahillərində İsrailin köməyinə gəlməyə hazır olduğu bir vaxtda Hizbullahın belə bir müharibəyə başlamaq istəməsi sual doğurur. Hizbullah İsrailə hücum etmək qərarına gəlsə, ABŞ-ın hərbi dəniz təyyarələrindən dağıdıcı cavab alacaq. Amma onu da xatırlamağa dəyər ki, 2006-cı il müharibəsinin əvvəlində yaraqlılar müasir gəmi əleyhinə raketlərindən biri ilə sahildə yerləşən İsrail hərbi gəmisini vura biliblər.

İsrailin quru əməliyyatına başlamamasının gerçək səbəbi - Maraqlı versiya

Əlimusa Hüseynov

Görünür, müttəfiqlər tərəfindən İsrailə verilən zəmanət yetərli deyil və ikinci, hətta üçüncü cəbhənin açılması halında İsrailin ciddi problemlər yaşayacağı nəzərdən keçirilir.

Digər tərəfdən, quru əməliyyatının gecikdirilməsi sonda onun başqa addımlarla əvəz edilməsinə səbəb ola bilərmi? Birmənalı cavab vermək çətindir. Amma İsrailin İran hədələri qarşısında geri çəkilməsi ona gələcəkdə daha böyük problemlər yaşadar.

Bu, bəlkə də İsrailin mövcudluğuna ciddi təhlükə hesab oluna bilər”.

Turan Rzayev
Globalinfo.az