
Sonuncu G20 sammitində ABŞ, Almaniya, Fransa, İtaliya, Avropa Birliyi, Hindistan (Bharat), Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yeni geoiqtisadi təşəbbüs barədə razılığa gəldiklərini elan etdilər. Həmin dövlətlər arasında Hindistan – Orta Şərq – Avropa İqtisadi Dəhlizinin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalandı. Bunun Zəngəzur dəhlizinə (İpək yoluna) alternativ layihə olduğu da deyilir. İki ay ərzində adı çəkilən ölkələrin ekspert səviyyəsində təmsilçiləri toplaşıb, fəaliyyət planı hazırlamalıdırlar.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Elşad Məmmədov deyib ki, hazırda dünya iqtisadiyyatında baş verən proseslər və onlardan irəli gələn ağır geosiyasi kataklizmlər onu deməyə əsas verir ki, ənənəvi olaraq uzun onilliklər Şərqlə Qərb arasında mövcud olmuş nəqliyyat logistik dəhlizlər çox ciddi transformasiyaya uğrayıb, ciddi problemlərlə üz-üzə qalıb.
Elşad Məmmədov
İqtisadçı bildirib ki, görünür, uzun illər ərzində Avropa iqtisadiyyatındakı daxili bazarın stimullaşdırılması ilə bağlı tədbirlər effekt vermir və yaxın illərdə Avropada tələbin kəskin şəkildə sıxılmasının şahidi ola bilərik:
“Bu belə olarsa sözsüz ki, Asiyadan Avropaya, Şərqdən Qərbə daşınmalarda ciddi azalmalar ola bilər və bu da bütün Şərq-Qərb istiqamətindəki nəqliyyat logistik xətləri və daşınmalar üçün problemləri ortaya qoyacaq. Ona görə də, məsələnin bu tərəfini düşünmək lazımdır. Çünki qloballaşma tədricən dünya iqtisadiyyatının regionlaşması ilə əvəz olunur. Belə olan halda digər nəqliyyat xətləri kimi, Zəngəzur dəhlizi və İpək yolunda da daşınmalara təsir ola bilər”.
İqtisadçı Hindistandan Avropaya Qara dəniz üzərindən daşınmaların təşkilinə Zəngəzur dəhlizinin reallaşması baxımından hansısa bir fundamental təsirlərə səbəb olacağını düşünmədiyini deyib:
“Zəngəzur dəhlizinin reallaşdırılması ilk növbədə Azərbaycanın qalan hissəsi ilə Naxçıvan əlaqələrinin formalaşdırılması üçün zəruri, dövlət üçün əhəmiyyətli bir məsələdir. Bunu reallaşdırmaqla biz bir çox məsələlərin həllinə nail olmalıyıq.
Digər tərəfdən isə həmin dəhliz Azərbaycanın Türkiyə və bütövlükdə regionun bir-biri ilə ticarət dövriyyəsinin iqtisadi əməkdaşlığın dəqiqləşməsinə şərait yaratmalıdır. Hindistan-Avropa dəhlizinin reallaşması ilə bağlı problemlər var və düşünmürəm ki, o dəhlizin reallaşmasının Zəngəzur dəhlizinə hansısa fundamental təsiri ola”.
Samir Hümbətov
Politoloq Samir Hümbətov isə bildirib ki, Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinin bu günə qədər hələ ki, alternativi yoxdur:
“Ola bilsin ki, Hindistan Ermənistan, Gürcüstan, İran və s. dövlətlər üzərindən bir dəhliz açmaqla, Qara dənizdən keçməklə, yeni nəqliyyat kommunikasiya xəttinin açılmasını istəyirlər. Amma buna hələ ki, real şərait yoxdur.
Birincisi burada geosiyasi maraqların toqquşması var və Azərbaycan üçün ən önəmli məsələ Orta Dəhlizin daha da inkişaf etdirilməsidir. Burada da Azərbaycan Gürcüstanı kifayət qədər öz təsiri altında saxlayıb, əməkdaşlığını davam etdirə bilir. Yəni bu gün Azərbaycan təbii resurslarının nəqliyyat kommunikasiyası demək olar Avropaya məhz Gürcüstan üzərindən çıxarılır”.
Politoloq deyib ki, Azərbaycanın Gürcüstanda kifayət qədər investisiya və resursları var:
“Gürcüstan Azərbaycanın sözündən çıxa bilməz. Türkiyənin də təsir imkanları çoxdur. Ümumilikdə “Bir kəmər, bir yol” layihəsinin dəyəri yuxarıdır. Şərait də var, artıq perspektiv də formalaşıb və bütün elementlər yaranıb. Ona görə də indiki məqamda Hindistan, İran, Ermənistan Gürcüstan üzərindən Qara dənizə nəqliyyat kommunikasiya xəttinin açılması hələ ki, real görünmür. Ola bilər ki, istək var, amma hələ buna imkan verməyəcəklər”.
Zaira Akifqızı
Globalinfo.az














