Dəhşətli səhvin tarixçəsi: “İcazə verin, ordunu çıxaraq, mühasirəyə düşəcəyik…” – FOTO

Dəhşətli səhvin tarixçəsi: “İcazə verin, ordunu çıxaraq, mühasirəyə düşəcəyik...” - FOTO

Globalinfo.az tarixçi Tural Həmidin Sovet generalı Vasili Tupikovla bağlı yazısını təqdim edir:

Böyük Vətən müharibəsi (1941-45) hərənin ağlında bir siyasətçi, general və yazıçı ilə canlanır. Mənim isə ağlıma gələn ilk insan general-mayor Vasili Tupikovdur. Bu gün onun haqqında danışacam (bu fotosu müharibədən ilyarım əvvəl qızı ilə birlikdə çəkilib).

Kurskda dəmiryolçu ailəsində anadan olan Vasili Tupikov 1922-ci ildən etibarən orduda xidmət etməyə başlayıb. Qısa müddətdə alay komandiri vəzifəsinə qədər yüksələn Tupikov daha sonra Estoniyaya  hərbi attaşe kimi yollanır. İstedadlı hərbçi olduğu üçün ona 1940-ci ildə general-mayor rütbəsi verilir və Nasist Almaniyasına SSRİ-nin hərbi attaşesi kimi göndərilir. Burda olarkən Tupikov agentura şəbəkəsi qurur, diqqətlə ölkənin siyasətini analiz edir və belə nəticəyə gəlir ki, Almaniya SSRİ-yə hücum edəcək.

Vasili Tupikovun Qırmızı Ordu Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi Qolikova 25-26 aprel 1941-ci il tarixli yazdığı mətn:

“Burada olduğum 3,5 ay ərzində mən sizə əlliyə qədər teleqram və bir neçə  yazılı məruzə  göndərdim. Aldığım bütün məlumatlar məni belə nəticəyə gətirir ki, Almaniya SSRİ-yə cari il ərzində müharibə elan edəcək”.

Tupikovun bu teleqramlarını NKVD rəhbərliyi ciddiyə almadı. 21 iyun 1941-ci ildə, Almaniyanın SSRİ-yə hücumundan 12 saat əvvəl Tupikov bir daha Moskvaya teleqram vurdu və sabah müharibənin başlanacağını bildirdi. Bu xəbərə NKVD rəhbəri Beriya qəzəbləndi və Stalinə 21 iyun 1941-ci il tarixli memorandumunda bunları qeyd etdi:

“Mən bir daha Berlindəki səfirimiz Dekanozovun geri çağırılmasında və cəzalandırılmasında təkid edirəm. O və onun hərbi attaşesi Tupikov yalan məlumatlarla bizi bezdirib. Bu axmaq general iddia edir ki, üç alman ordu qrupu sabah Moskva, Leninqrad və Kiyevə doğru irəliləyəcək”.

1941-ci il iyunun 22-də Berlin vaxtı ilə səhər saat üçdə xarici işlər naziri Yoahim fon Ribbentrop təcili olaraq Dekanozovu yanına çağırdı və Hitlerin SSRİ-yə müharibə elan edən memorandumunu ona verdi. 22 iyun 1941-ci il səhər tezdən Berlindəki Sovet hərbi attaşesi general-mayor Tupikov kriptoqrafa Moskvaya radioqram göndərməyi əmr etdi, orada yalnız bir söz var yazılmışdı – “Fəlakət”. Bu, onun Berlindən Moskvaya son mesajı idi.

SSRİ-yə qayıtdıqdan sonra general-mayor Tupikov Cənub-Qərb Cəbhəsinin qərargah rəisi vəzifəsinə təyin edildi (iyul – sentyabr 1941). O, 1941-ci il iyulun 29-da, Cənub-Qərb Cəbhəsinin qoşunlarının Ukraynanın sağ sahilində üstün düşmən qüvvələri ilə ağır müdafiə döyüşləri apardığı bir vaxtda vəzifəsinin icrasına başladı. Haynz Quderianın tank birləşmələri və ordusunun cənub istiqamətində məqsədini anlayan Tupikov 14 sentyabr 1941-ci ildə saat 03:25-də Baş Qərargah rəisinə teleqramla müraciət etdi:

“Şimaldan irəliləyən 2-ci Ordu Qrupunun Alman bölmələri  5, 21, 26, 37 və 38-ci Ordu qüvvələrinin bir hissəsini mühasirəyə alıb. Fəlakət baş verə bilər. Orduları tez Kiyev və Mərkəzi Ukraynadan geri çəkmək lazımdı”.

Cavab teleqramında Baş Qərargan rəisi Şapoşnikov Tupikovu sakitləşdirməyə çalışdı:

“Vəziyyət müstəsna soyuqqanlılıq və dözümlülük tələb edir. Bütün komandirləri yığın, panikanı yığışdırın. 21-ci və 5-ci Ordu geri çəkilməməlidir. İnadla döyüşmək lazımdı”.

Vəziyyət mürəkkəb olduğu üçün Şapoşnikov Stalinə xəbər verir. Stalin məruzəni oxuyur və dərhal komandirlərlə əlaqə saxlayır: “Stalin aparatdadır. Yoldaş Kirponos (Ukrayna cəbhəsinin komandiri) Tupikovun teleqramının məzmunu, onun nəticələri və təklifi ilə razılaşırsınızmı? Cavab verin”.

General Burmistenko: “Hərbi Şuranın üzvü aparatdadır. Salam, yoldaş Stalin. Komandirlə mən Tupikovun panikalı hesabatı ilə razılaşmırıq. Biz nəyin bahasına olursa olsun Kiyevi saxlamağa hazırıq”.

Stalin: “Mən komandir Kirponosdan cavab tələb edirəm. Cəbhəyə kim cavabdehlik daşıyır,  Kirponos, yoxsa Burmistenko?  Kirponosun öz fikri yoxdurmu? Avqustun 8-də sizinlə söhbətimizdən sonra sizə nə oldu? Cavab verin”.

Kirponos: “Mən cəbhəyə komandanlıq edirəm, yoldaş Stalin. Tupikovun vəziyyəti qiymətləndirməsi və təklifləri ilə razı deyiləm. Burmistenkonun fikrini bölüşürəm. Biz Kiyevi saxlamaq üçün bütün tədbirləri görəcəyik. Bu gün mən bununla bağlı fikirlərimi Baş Qərargaha göndərirəm. Bizə inanın, yoldaş Stalin. Mən sizə hesabat verdim və bir daha təkrar edirəm. Bizim ixtiyarımızda olan hər şey Kiyevin müdafiəsi üçün istifadə olunacaq. Biz sizin tapşırığınızı yerinə yetirəcəyik, şəhəri düşmənə təslim etməyəcəyik”.

Stalin: “Tupikov niyə bəs elə deyir? Siz hələ də öz qənaətinizdə israr edirsiniz, yoldaş Tupikov, yoxsa fikrinizi dəyişmisiniz? Dürüst cavab verin”.

Tupikov: “Yoldaş Stalin, mən hələ də öz fikrimdə israr edirəm. Cəbhə  fəlakətin astanasındadır. Qoşunları bu gün, sentyabrın 14-dən Dnepr çayının sol sahilinə geri çəkmək lazımdır. Sabah çox gec olacaq. Qoşunların çıxarılması və sonrakı tədbirlər planı hazırlanıb və Baş Qərargaha göndərilib. Sizdən,  xahiş edirəm. Bu gün qoşunların çıxarılmasına icazə verin”.

Stalin: “Cavab gözləyin”.

General Tupikov bu dəfə də haqlı çıxdı. Alman orduları 5 və 21-ci Ordunun arxasına keçərək yolları bağladı. 3 gün sonra Stalin bütün cəbhənin geri çəkilməsi əmrini versə də, artıq gec idi. 665 min Sovet əsgəri əsir düşdü. Cəbhənin komandanı Mixail Kirponos və onun müavini Vasili Tupikov Poltavada mühasirədən çıxmağa çalışarkən bombardman nəticəsində həlak oldular.

Globalinfo.az