Futbol üzrə 2026-cı il dünya çempionatı başa çatdı. Turnirin ən yaxşı oyunçusu İspaniya millisinin yarımmüdafiəçisi Rodri seçildi. Argentinalı ulduz Lionel Messi də mundialda uğurlu çıxışı ilə diqqət çəkdi, lakin finalda məğlub oldu. Fransız hücumçu Kilian Mbappe isə turnirin bombardiri adını qazandı.
Belə bir məqamda bu il “Qızıl top” (Ballon d’Or) mükafatı kim verilə bilər?
Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, bu, çox ağır və proqnozlaşdırılması çətin olan sualdır:
“Çünki “Qızıl top”un seçimində müəyyən meyarlar olsa da, praktikada həmişə həmin meyarlara əməl olunmur. Əslində, “Qızıl top” bütün mövsüm ərzində göstərilən uğurlu çıxışa görə verilməlidir. Adətən bu mükafatı Avropanın böyük beşliyində – İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarında çıxış edən, xüsusilə də UEFA Çempionlar Liqasında uğur qazanan komandaların futbolçuları əldə edirlər. Bununla yanaşı, dünya çempionatındakı parlaq çıxışına görə də “Qızıl top” qazanan futbolçular olub. Sonuncu belə nümunə Lionel Messidir. O, 2022-ci il dünya çempionatındakı möhtəşəm çıxışından sonra bu mükafatı qazandı. Həmin vaxt artıq PSJ-dən ayrılmışdı və Avropada oynamayan yeganə futbolçu kimi “Qızıl top”a layiq görülmüşdü”.
Ekspertin sözlərinə görə, Rodri mövsüm ərzində uğurlu çıxış etməyib:
“Zədələr buna imkan vermədi və “Mançester Siti”nin heyətində də gözlənilən səviyyədə oynaya bilmədi. Buna görə də düşünürəm ki, Rodrinin “Qızıl top” qazanmaq şansı yoxdur. İspaniyanın gənc ulduzu Lamin Yamal “Barselona”nın heyətində parlaq mövsüm keçirdi, İspaniya çempionu oldu. Lakin Çempionlar Liqasında komandasının çıxışı uğurlu alınmadı. Dünya çempionatında da İspaniya yığması çempion olsa da, komandanın heyətində xüsusi seçilən bir futbolçu yox idi. İspaniya sadəcə möhtəşəm komanda oyunu nümayiş etdirdi. Bütöv komanda kimi çox güclü çıxış etdi və uzun illərdən sonra yenidən öz futbolunu oynadı. Buna görə də hansısa futbolçunu digərlərindən fərqləndirmək çətindir. Mbappe dünya çempionatının bombardiri oldu, amma “Real Madrid”lə böyük uğur qazana bilmədi. “Bavariya”nın hücumçusu Harri Keyn də Almaniya çempionatında bombardir oldu, uğurlu mövsüm keçirdi, lakin İngiltərə millisi finala yüksələ bilmədi. Buna görə də “Qızıl top”un kimə veriləcəyi hələ də sual altındadır”.
N.Muxtarlı qeyd edib ki, Messi hazırda Avropadan kənarda, nisbətən zəif çempionatda çıxış etsə də, dünya çempionatında yenidən möhtəşəm performans göstərdi:
“Messinin 39 yaşında 8 qol vurması, 4 məhsuldar ötürmə etməsi və Argentina yığmasını dünya çempionatının finalına qədər daşıması böyük uğur sayılmalıdır. Burada əsas sual budur ki, jurnalistlər Keynə səs verəcəklər, Mbappeyə, Messiyə, yoxsa Yamala? Mən Keynin və Mbappenin “Qızıl top” qazanacağını düşünmürəm. Əgər İngiltərə və Fransa finala yüksəlib çempion olsaydı, o zaman böyük ehtimalla mükafat bu iki futbolçudan birinə veriləcəkdi. Amma hazırda finalda İspaniya və Argentina oynayır və mənim fikrimcə, əsas iki namizəd qalır: Lamin Yamal və Lionel Messi”.
Natiq Muxtarlı
Ekspert deyib ki, əvvəllər “Qızıl top”un səsverməsində milli komandaların kapitanları və baş məşqçiləri də iştirak edirdilər:
“Həmin sistem qalsaydı, düşünürəm ki, Messi mütləq qalib gələrdi. Çünki dünya çempionatındakı möhtəşəm çıxışı seçicilərin qərarına ciddi təsir edəcəkdi. İndi isə səsvermə qaydası dəyişib və seçim jurnalistlər tərəfindən edilir. Bu səbəbdən nəticə fərqli ola bilər. Məncə, hazırda Yamal bir addım öndədir. O, artıq gələcəyin superulduzu kimi qəbul olunur. 17 yaşında Avropa çempionu, 19 yaşında isə dünya çempionu olmaq hər futbolçuya nəsib olmur və bu amillər onun üstünlüyünü artırır. Bununla belə, əks nəticə də mümkündür. Jurnalistlər Messinin futboldakı möhtəşəm karyerasını nəzərə alaraq ona son dəfə “Qızıl top” verə və onu böyük təntənə ilə yola sala bilərlər. Fikrimcə, “Qızıl top” uğrunda cəmi iki real namizəd var: Lamin Yamal və Lionel Messi. Mbappe ilə Harri Keyni bu siyahıdan kənarda görürəm. Son qərarı jurnalistlər verəcəklər. FIFA isə ayrıca ilin futbolçusunu seçir. Hesab edirəm ki, FIFA-nın seçimində Messi qalib gələcək, “Qızıl top”un sahibi isə böyük ehtimalla Lamin Yamal olacaq”.
N.Muxtarlı daha bir maraqlı məsələyə toxunub:
“Finaldan əvvəl “Qızıl top”un təşkilatçıları sosial şəbəkələrdə sirli paylaşımlar etmişdilər. Həmin paylaşımlarda Avropadan kənarda çıxış edən futbolçunun bu mükafatı qazanıb-qazana bilməyəcəyi ilə bağlı mesajlar verilirdi. Təbii ki, burada söhbət Messidən gedirdi. Buna baxmayaraq, mən yenə də hesab edirəm ki, “Qızıl top”u Lamin Yamal, FIFA-nın “İlin futbolçusu” mükafatını isə Lionel Messi qazanacaq”.
Zaira Akifqızı
Globalinfo.az
