Türkiyənin İstanbul şəhərində “Böyük Fələstin Mitinqi”nin keçirilməsi müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, “Böyük Fələstin Mitinqi” və Ərdoğanın burada çıxışı Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirəcək.
Maraqlıdır, bu proses Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, Ərdoğan Türkiyə dövlətinin və xalqının iradəsini ortaya qoydu:
“Türkiyə İsraillə münasibətləri düzəltmək, əlaqələri yaxşılaşdırmaq istəyirdi. Hətta İsrail prezidenti bu məqsədlə Türkiyəyə rəsmi səfər etdi. Səfər çərçivəsində yüksək səviyyədə görüşlər keçirdi.
Ancaq son Qəzza hadisələri, İsrail ordusunun dinc əhaliyə qarşı törətdiyi qırğınlar Türkiyə cəmiyyəti və dövlətində ciddi etiraz doğurdu. Ərdoğan da bu etirazları nəzərə aldı. Yəni bu, hansısa siyasi gedişdən çox, baş verənlərə reaksiya idi.
Bu hadisənin iki ölkənin münasibətlərini ciddi şəkildə zədələdiyini düşünürəm. Yəqin ki, bərpası zaman alacaq”.
Ekspertin sözlərinə görə, sözügedən vəziyyət Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyəcək:
“Çünki Azərbaycanın İsrail-Fələstin münaqişəsinə münasibəti beynəlxalq təşkilatların mövqeyi ilə üst-üstə düşür. Ona görə də bu mövqeyin ikitərəfli münasibətlərin ciddi zədələdiyini düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az