Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar. Azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs tapançanın qundağı ilə onların başına vurub.
Soyğunçular C.Hüseynzadə və həyat yoldaşından 90 min avro dəyərində iki ədəd “Rolex” saat götürüblər. Bu barədə Haqqin.az məlumat yayıb.
Globalinfo-nun əldə etdiyi məlumata görə, C.Hüseynzadənin diplomatik pasportu da ələ keçirilib. Bu səbəbdən diplomatın adına yeni sənədlərin hazırlanmasına dair ASAN xidmətə müraciət edildiyi haqqında iddialar səsləndirilir.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Cəfər Hüseynzadə və xanımına qarşı hücum faktı qeydə alınıb:
Ayxan Hacızadə
“Lakin digər sadalanan fikirlər reallığı əks etdirmir. Yəni C.Hüseynzadə diplomatik pasportun verilməsi ilə bağlı ASAN xidmətə müraciət edə bilməz. Çünki diplomatik pasportu ASAN xidmət deyil, Xarici İşlər Nazirliyi verir”.
Hadisədə diqqətçəkən bir başqa detal isə C.Hüseynzadə və həyat yoldaşının 90 min avro dəyərində “Rolex” saatının olmasıdır.
Safura Bənnayeva
Globalinfo.az














