Paşinyan noyabrın 9-u baş vermiş olayı açıqladı – İlk dəfə

“Mən Üçtərəfli Bəyanatın mətnini noyabrın 9-u səhər saatlarında imzalamışdım”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiya qarşısında ifadə verərkən deyib.

Baş nazir bəyanatla bağlı kuliminasiya nöqtəsinin həmin gün axşam olduğunu söyləyib:

“Amma daha sonra Azərbaycanın həmin mətni imzalamaq istəmədiyi, yeni tələblər irəli sürdüyü məlum oldu. Prosesin kuliminasiya nöqtəsi noyabrın 9-u axşam saatlarında yaşandı. O zaman bilindi ki, Azərbaycan tərəfi razılaşdırılmış mətnə yeni əlavələr edir. Bu o deməkdir ki, mənim imzaladığım mətn artıq qüvvədə deyildi.

Bütün bu danışıqlar Rusiya Prezidentinin vasitəçiliyi ilə aparılıb. 8-9 noyabrda Vladimir Putinlə 20-ə yaxın, bütün 44 gün ərzində isə 60-a yaxın telefon danışığımız olub”.

Paşinyan həmçinin qeyd edib ki, erməni tərəfi Hadrutun müqabilində Ağdamı təklif edib, lakin Bakı bununla razılaşmayıb.

Ayşən Mustafa
Globalinfo.az