irevan 900x514 1

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla bağlı sözləri rezonans doğurub. Overçuk, Ermənistanın Rusiyadan başqa heç bir ölkədən qaz ala bilməyəcəyini söyləyib.

O bildirib ki, əsas məsələ Ermənistanın Rusiya qazını necə alacağıdır, vəziyyət çətin ola bilər.

Maraqlıdır ki, Rusiya Ermənistanı qazla bağlı müqavilələri ləğv edəcəyi ilə hədələyib. Kreml bu açıqlamanı İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüyünün müzakirə edilməsi fonunda verib. Analitiklərin fikrincə, belə olan halda, Azərbaycan Ermənistanı qazla təmin edə bilər.

Bakının İrəvana qaz tədarük etməsi mümkündürmü? Rusiyanın buna reaksiyası necə olar?

Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycanla Ermənistan arasında qaz satışı ilə bağlı hər hansı razılaşma və ya danışıqların aparılması haqqında məlumat yoxdur:

“Ümumiyyətlə, Ermənistanda seçkilər ərəfəsində Rusiyanın təzyiqlərini müşahidə edirik. Əvvəllər əsasən ekspertlər, jurnalistlər və müxalifət nümayəndələri tənqid və təhdid xarakterli açıqlamalar verirdilərsə, hazırda rusiyalı rəsmilər də açıq şəkildə İrəvanı hədələyirlər.

Fikrimcə, Ermənistan üçün qarşıdakı seçkilər 2021-ci il seçkilərindən daha mühümdür. Baxmayaraq ki, həmin seçkilərdən əvvəl baş nazir Nikol Paşinyan müharibəni uduzmuşdu, Qarabağ ətrafında separatçı rejim hələ də mövcudluğunu qoruyurdu. Digər tərəfdən, Qarabağda Rusiya sülhməramlıları yerləşirdi.

ferid sefiyev 1 1 900x662 1
Fərid Şəfiyev 

2026-cı ildə isə ErmənistanAzərbaycan münaqişəsi artıq geosiyasi alət kimi əvvəlki əhəmiyyətini itirib. Bundan əlavə, Ermənistan açıq şəkildə bəyan edir ki, onun uzunmüddətli hədəfi Avropa İttifaqına inteqrasiyadır. Mən bunun yaxın perspektivdə baş verəcəyini düşünmürəm.

Seçkiqabağı sorğular göstərir ki, Paşinyanın kifayət qədər dəstəyi var. Rusiyanın bu təzyiqləri seçkilərin nəticəsinə ciddi təsir göstərməyəcək. Paşinyanın məğlub olmaması mümkündür, lakin seçkilərdən sonra onun əleyhinə müxtəlif ittihamlar və qarşıdurmalar yarana bilər.

Burada təbii ki, Rusiyanın marağı Paşinyanın zəifləməsi və ya hakimiyyətdən getməsidir. Ancaq qaz və digər iqtisadi alətlərin seçkilərin nəticəsinə ciddi təsir göstərəcəyini düşünmürəm. Rusiya bu vasitələrdən daha çox seçkilərdən sonra istifadə etməyə çalışacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: