“Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Türküstanda keçirilən qeyri-rəsmi sammiti həm zaman, həm də məkan baxımından xüsusi əhəmiyyətə malikdir”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, Türküstan türk dövlətləri üçün dəyərli, son dərəcə həssas bir yerdir:
“Bu məkanın özü türk dövlətlərinin ortaq tarixindən, dilindən, dinindən, keçdiyi inkişaf yolundan xəbər verir, bu toplantı isə onu göstrərir ki, biz soykökümüzdən aralı düşməmişik.
Həmçinin bu qeyri-rəsmi sammit “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub. Qeyd edilməli amildir ki, bu gün dünyada mütərəqqi dəyişikliklər baş verir. Bu dəyişikliklərdə süni intellekt və rəqəmsallaşdırma gecikmədən təcili cavab verilməli bir çağırış halına gəlib. Bu çağırışa türk dövlətlərinin gücünü konsolidasiya edərək birlikdə cavab verməsi olduqca mühüm məsələdir. Ona görə ki, dünya düzəni yenidən formalaşır, indiki reallıqda da TDT-nin müstəqil geosiyasi, geoiqtisadi, habelə texnoloji hab olaraq formalaşması baxımından qarşıda geniş perspektivlər dayanır. Gecikmək olmaz, addımların dərhal atılması isə zərurətdir. Həm də rəqəmsal transformasiya və süni intellekt həyatın hər bir sahəsində özünü daha dayanıqlı əsaslarla göstərir.
Türk Dövlətləri Təşkilatının bu dəfə keçirilən sammitində Türküstan bəyannaməsinin qəbul edilməsi ondan xəbər verir ki, müasir beynəlxalq münasibətlər sisteminə Türk dünyası birlikdə, ortaq keçmişini əsas tutaraq, bugünkü reallıqları, müasir dünyanın tələblərini də nəzərə alaraq sistemli daxil olur. Bu baxımdan təşəbbüslər də birgə irəli sürülür”.
Politoloq bildirib ki, birgə təşəbbüslər deyildiyi zaman ağıla gələn ilkin aktor Azərbaycan və Prezident İlham Əliyevdir:
“Çünki TDT-nin qeyri-rəsmi Zirvə görüşü formatı ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirildi, Qarabağ bəyannaməsi qəbul edildi. Şübhəsiz, məhz Azərbaycanın zəfəri TDT-nin tarixində yeni bir səhifə açdı. Bu tarixdən etibarən təşkilata üzv dövlətlərin fəaliyyətini genişləndirdiyinin şahidiyik. Artıq çağırışlara birgə cavab verilirsə, bu, çox suala cavabdır. Ona görədir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2027-ci ilin Türk dünyasında “Ekologiyanın mühafizəsi” ili elan edilməsini də təklif etdi.

Şəbnəm Həsənova
Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı isə proqram xarakterli idi. Dövlət başçımız bir daha zəngin tarixi-mədəni irsimizə diqqət çəkdi, bunun önəmini vurğuladı. Ümumilikdə, bu, Prezident İlham Əliyevin son beş ildə Qazaxıstana reallaşdırdığı səkkizinci səfəridir. Deməli, artıq dövlət başçılarının fəaliyyət gündəliyində türk dövlətləri arasında münasibətlərin hər keçən gün dərinləşdirilməsi prioritet hesab olunur. Tədbir boyu Azərbaycan Prezidentinə göstərilən münasibət isə sadəcə qürurvericidir”.
Politoloq qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yeni dünya nizamında getdikcə gücü artır:
“Bunu sürətləndirən amil beynəlxalq təşkilatların geriləməsi, regional təşkilatların inkişafının isə zəruri hala gəlməsi, daha da sürətlə inkişafıdır. Artıq bu dövlətlər qlobal proseslərə koordinasiya olunmuş şəkildə cavab verirlər. Habelə, ötən ilin oktyabr ayında Qəbələ Zirvə görüşündə də çox mühüm addımlar atıldı, qərarlar qəbul edildi, fundamental əsaslı fikirlər səsləndirildi. Tarixi-mədəni irsimiz baxımından Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin Bakıda keçirilməsi də mühüm əhəmiyyət kəsb edir, bu, son dərəcə əlamətdar bir hadisədir.
Azərbaycan süni intellekt sahəsinə proqram xarakterli yanaşır, bundan irəli gələrək ölkəmizdə “Süni İntellekt Strategiyası” qəbul edildi. Azərbaycanın bu təcrübəsindən də istifadə oluna bilər. Orta Dəhlizin reallaşması əsas məsələdir. Çünki indiki geosiyasi və geoiqtisadi kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Buna görə irəli sürülən təkliflərdən birinə də diqqət yetirməliyik ki, Qazaxıstan Prezidenti Tokayev Qazaxıstan-Türkiyə biznes forumunda çıxışı zamanı Orta Dəhliz layihəsinin Beynəlxalq Sülh və Rifah naminə Transmarşrut təşəbbüsü ilə inteqrasiyası olunmasını təklif etdi. Bu isə ondan xəbər verir ki, yükdaşımalarda gücün birləşdirilməsi lazımdır, habelə yeni texnologiyaların tətbiqi də ortaq reallığımızdır.
Bütövlükdə, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Türküstanda keçirilməsi təşkilatın getdikcə artan rolundan xəbər verir. Deməli, Türk dünyası ortaq baxış formalaşdırır, bu baxışı institusional çərçivəyə salmağı bacarır”.
Turan Rzayev
Globalinfo.az