Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən istintaq çərçivəsində müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə keçirilib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.
Vəkilin sözlərinə görə, Gürcüstan Prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı irəli sürülən ittihamların mətni dəyişdirilib. Şakulaşvili qeyd edib ki, hazırda Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “C” bəndi ilə ittiham olunmaqda davam edir.
M.Şakulaşvilinin açıqlamasına görə, yeni ittiham İrakli Qaribaşvilinin şərab sənayesindən əldə etdiyi gəlirləri bəyan etməməsi ilə bağlıdır. Vəkil bu əməlin rəsmi vəzifə cinayəti olmadığını, maliyyə xarakterli hüquqpozma kimi qiymətləndirildiyini vurğulayıb.
“Bizim təqdim etdiyimiz sübutlar – fabriklə bağlı bank müqavilələri, ödənişlər və digər maliyyə sənədləri diqqətlə araşdırıldı. Nəticədə, ittihamın fabrik fəaliyyəti ilə bağlı hissəsi çıxarıldı. Hazırda ittiham yalnız şərab sənayesindən əldə edilən gəlirlərin bəyan edilməməsinə aiddir. Bu isə maliyyə sahəsində törədilmiş cinayət hesab olunur”, – vəkil qeyd edib.
Vəkil əlavə edib ki, istintaq zamanı Qaribaşvilinin evindən götürülən qızıl əşyalar və saatlar ona məxsus olmayıb.
Şakulaşvili həmçinin vurğulayıb ki, digər məhkumlar kimi, İrakli Qaribaşvilinin də şərti azadlığa buraxılma və əfv hüququ var.
Qeyd edək ki, İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, əlavə olaraq 1 milyon lari (təxminən 371 min dollar – red.) məbləğində cərimə və iki avtomobilin müsadirəsi nəzərdə tutulub.
***16:50
Gürcüstanın sabiq Baş naziri Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, o, Tbilisi Şəhər Məhkəməsinin zalında həbs olunub.
Vəkil Mixeil Şakulaşvili bildirib ki, sabiq hökumət başçısı cəzaçəkmə müəssisəsinə aparılıb.
***16:19
Gürcüstanın keçmiş baş naziri 5 il müddətinə azadlıqdan məhrum ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Qaribaşvili öz təqsirini etiraf edib.
O, həmçinin 1 milyon lari məbləğində cərimələnib və cinayət fəaliyyəti nəticəsində əldə etdiyi vəsaiti, eləcə də evində aparılan axtarış zamanı müsadirə olunmuş pulları dövlətə təhvil verməyi öhdəsinə götürüb.
Safura Bənnayeva
Globalinfo.az