71 yaşlı rusiyalı müğənni: “Pulemyot götürüb, müharibəyə getməyə hazıram”

Rusiyalı müğənni Oleq Qazmanov tələb olarsa, Ukraynada müharibəyə getməyə hazır olduğunu bildirib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni özü açıqlama verib.

“71 yaşım var. Vətənim buyursa, pulemyot götürüb gedəcəm. Amma indi mahnılarımı oxumağım daha faydalıdır”, deyə Qazmanov “Ömür və tale” verilişində bildirib.

Müğənni dünyanın müxtəlif ölkələrində ona qarşı tətbiq edilən sanksiyalara da münasibət bildirib. Onun sözlərinə görə, xalq onu sevməyə davam edir və konsertlərinə getməyə hazırdır.

“Mənim orada heç bir hesabım yoxdur, şükür. Amma iki mənzilə həbs qoyublar. Xaricdə villam olsa belə, öz işimi görərdim. Təzyiq nə qədər çox olsa, beton da bir o qədər möhkəmdir”, deyə Qazmanov əlavə edib.

Qeyd edək ki, Oleq Qazmanov nəinki Kremlin hərəkətlərini dəstəkləyib, həm də işğal altındakı Donetskə səfər edib və orada konsertlər verib. O, müharibənin ilk günündən işğalı dəstəkləyib.

İddialara görə, müğənni gizli şəkildə İsrail vətəndaşlığı üçün müraciət edib və hətta bu ölkəyə köçməyə hazırlaşırmış. Amma İsrail hökuməti ona vətəndaşlıq verməyib. Qazmanovun Litva, Estoniya və Latviyaya səfərinə də icazə verilməyib.