Moskva NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonenin Rusiyaya qarşı mümkün qabaqlayıcı zərbələr barədə bəyanatını son dərəcə məsuliyyətsiz addım hesab edir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat diqqəti Draqonenin “Financial Times”a verdiyi müsahibəyə yönəldib. Həmin müsahibədə NATO rəsmisi Rusiyadan gələn “hibrid hücumlara” reaksiyanı şərh edərkən deyib ki, “qabaqlayıcı zərbələr müdafiə tədbiri kimi nəzərdən keçirilə bilər”.
“Cüzeppe Kavo Draqonenin Rusiyaya qarşı mümkün qabaqlayıcı zərbələr barədə fikirlərini son dərəcə məsuliyyətsiz addım kimi qiymətləndiririk. Bu bəyanat alyansın eskalasiya istiqamətində hərəkət etməyə hazır olduğunu göstərir”,- Zaxarova qeyd edib.
Moskva həmçinin Draqonenin bəyanatını Ukrayna üzrə nizamlanmanın pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirir:
“Bu bəyanatda Ukrayna böhranından çıxış yollarını sarsıtmaq üçün məqsədyönlü addım görürük”.
Zaxarova bildirib ki, belə açıqlamalar verənlər bunun doğura biləcəyi riskləri və nəticələri, o cümlədən alyans üzvləri üçün mümkün fəsadları dərk etməlidirlər.
Safura Bənnayeva
Globalinfo.az