gender 715x400 1

Müasir dövrdə gender bərabərliyi, ailənin möhkəmləndirilməsi və demoqrafik inkişaf məsələləri Azərbaycan cəmiyyətinin sosial-siyasi gündəmində mühüm yer tutur. Bu sahələrdə baş verən dəyişikliklər yalnız fərdi və ailə səviyyəsində deyil, həm də dövlət siyasətində strateji əhəmiyyət kəsb edir. Ölkəmizdə demoqrafik vəziyyətin yaxşılaşdırılması, ailələrin sosial rifahının artırılması və gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması üçün müxtəlif proqram və təşəbbüslər həyata keçirilir.

Gender məsələlərinin işıqlandırılması və ailə dəyərlərinin qorunması cəmiyyətin davamlı inkişafı üçün vacibdir. Eyni zamanda, əhali artımı və gənc nəslin sağlam yetişməsi ölkənin gələcəyi baxımından prioritetdir. Bu səbəbdən, gender, ailə və demoqrafiya sahəsində yaranan problemlərin təhlili və həlli yollarının axtarışı aktual mövzu kimi qalmaqdadır. Bəs həll yolu nədən ibarətdir?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyevin fikrincə, mövzuya ənənəvi yanaşma belədir ki, qanunvericiliyi gücləndirmək, xüsusi proqramlar icra etmək, ailə dəyərlərini qoruyub, eləcə də qadını dəstəkləmək lazımdır:

“Ancaq sosioloji reallığı da unutmayaq ki, qanunlar təkbaşına stereotipləri əritməyə kifayət etmir. Patriarxal mədəniyyətlə dövlətin ultra-modernist ritorikası, adətən, toqquşur. Yəni “gender bərabərliyi” anlayışı bir şüar kimi səs-küylü səslənə bilər, amma gündəlik məişətdə qadının həqiqi mənada kişilərlə tam bərabərliyi, xüsusən qərarvermə gücündəki bərabərliyi hələ də tam təmin olunmayıb və oluna bilmir. Burda problem iki fərqli mədəniyyətin, sosial strukturun kəsişməsi ortaya çıxır”.

Sosioloq deyib ki, gender bərabərliyi ayrı mövzudur, ailənin möhkəmliyi ayrı, demoqrafik şərait isə tamam ayrıdır:

“Bu anlayışları eyniləşdirsək və bunların üçünə də ortaq həll yolu fikirləşməyə çalışsaq həm özümüzü yanıltmış olacağıq, həm də heç bir real nəticə əldə edə bilməyəcəyik. Gender bərabərliyi mövzusunu patriarxal cəmiyyətlərdə, xüsusən, ənənəvi şərq cəmiyyətlərində işləmək üçün o cəmiyyətin, xalqın mədəni və sosial kodlarına enmək, yalnız bu kodları da nəzərə alaraq müəyyən düzəlişlər etmək lazımdır. Ənənəvi şərq cəmiyyətlərində hər şeydə həqiqi bərabərlik təmin etmək yaxın perspektivdə mümkün görünmür, çünki oturuşmuş inanc sisteminə görə “ailənin rəhbəri” anlayışı var və bu da kişilər hesab olunur. Bunun tam mənada silinməsi üçün uzun illər tələb olunur. Ona görə ki, istənilən maarifləndirmə kampaniyası həm də öz zidd kampaniyalarını doğurur. Cəmiyyətin konservativ küllərindən yenidən maskulin nəzəriyyələr doğur və yayılır. Üstəlik, biz iddia da edə bilmərik ki, həqiqətən də mütləq bərabərlik anlayışı bizim cəmiyyətdə faydalımı, yoxsa, dağıdıcımı olacaq. Bu barədə də qəti fikir bildirmək çətindir”.

Y.Nəbiyevin fikrincə, insanlar makroiqtisadi və siyasi şəraitdən daha çox, gündəlik sosial praktikalara əsasən hərəkət edirlər:

Dövlət “çoxuşaqlı ailələrə dəstək” kampaniyası elan edə bilər, amma gənc ailə işsizlik və yüksək kirayə problemi yaşayırsa, o ailənin doğum göstəricisi artmayacaq. Ölkəmizdə “çoxuşaqlı” statusunu almaq üçün 5 və daha artıq uşaq tələb olunur. Bu baxımdan, “çoxuşaqlı ailələrə dəstək” demək olar, effekt vermir. Ailənin möhkəmliyini təmin etmək üçün, ilk olaraq ailəni minimal maddi ehtiyaclardan qurtarmaq lazımdır. Yalnız bundan sonra dəyərlər, maarifləndirmə və s. kimi yardımçı layihələrlə ailənin təməlini daha da gücləndirmək olar. Əks təqdirdə, zəruri maddi ehtiyaclarını belə ödəməkdə çətinlik çəkən gənclərə məcburi “ailə dəyərləri” ritorikası isə xitab etmək əksinə, onların müqavimətini gücləndirəcək”.

Müsahibimiz həll yolu göstərib:

“Birincisi, ailəni romantik miflərdən təmizləmək və onu sosial-iqtisadi institusional dəstək üzərində qurmaq lazımdır. Effektiv uşaq bağçaları, real və əlçatan mənzil siyasəti, iş və ailə balansı mexanizmləri təmin olunmalıdır. İkincisi, gender bərabərliyini “qadının kişiyə bənzəməsi” kimi yox, hər iki cinsin real imkanlarının genişlənməsi kimi görmək və göstərmək lazımdır. Üçüncüsü, demoqrafiyanı “rəqəm toplamaq” kimi yox, sağlam, təhsilli nəsil yetişdirmək prizmasında ələ almaq lazımdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

media

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: