“Putinin aşpazı”nın başını kim “yedi”? – Rusiyanı silkələyən olaydan 1 il ötdü

"Putinin aşpazı"nın başını kim "yedi"? - Rusiyanı silkələyən olaydan 1 il ötdü

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin öldürülməsindən 1  il ötdü. Bir çox xarici ekspertlər Priqojinin ölümünə səbəb olan təyyarənin partladılması əmrinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən verildiyini vurğulayır.

Bu müddət ərzində Rusiyada nə dəyişdi? Priqojin aradan götürülməsəydi, nə baş verərdi? Doğrudanmı Priqojinin həyatda olması Putin iqtidarına real təhlükə yaratmışdı?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun fikrincə, istənilən ölkənin ordusu o zaman güclü ola bilir ki, o, düzgün idarə oluna bilsin.

F.Yusifov Rusiyanı bir neçə güclü ölkə ilə müqayisə edib:

“Nümunə üçün güclü ordusu olan bir neçə ölkəni nəzərdən keçirək. ABŞ, Çin, Türkiyə, Pakistan kimi ölkələrdə orududa güclü nizam-intizam və yüksək idarəçilik mövcuddur. Əslində, Rusiyanın Ukraynaya hərbi təcavüzünə qədər Rusiya ordusu da dünyanın ən güclü ordularından biri hesab olunurdu. Lakin bu müharibə Rusiya ordusunun bütün problemlərini açıb dünyaya göstərdi”.

"Putinin aşpazı"nın başını kim "yedi"? - Rusiyanı silkələyən olaydan 1 il ötdü

F.Yusifov deyib ki, orduda vahid komandanlığa tabe olmayan “Vaqner” kimi ayrı-ayrı hərbi birləşmələrin olması sonda ölkənin hərbi sistemində ciddi çatları ortaya çıxardı və “Vaqner” Rusiyaya böyük problemlər yaşatdı:

“Bu birləşmə az qala ölkədə hərbi çevriliş edəcəkdi. Onlar Ukrayna cəbhəsindən Rusiyanın paytaxtı Moskvaya doğru yürüşə çıxsalar da, müəyyən yerdə bir qədər qətiyyətsizlik nümayiş etdirdilər və bununla da həm qrupun və həm də onun başında dayananların sonu gəldi. Bu hadisə Rusiya ordusunun idarə edilməsindəki bütün boşluqları üzə çıxardı. Ukrayna müharibəsi Rusiya ordusunda ölçüyə gəlməyən korrupsiya faktlarını aşkara çıxardı ki, bu miqyasda korrupsiyanın olduğu yerdə sağlam ordu qurmaq mümkün deyildi! Rusiya ordusunun Ukrayna ilə müharibədəki uğursuzluqlarının kökündə dayanan əsas məqamlardan biri də budur”.

Zaira Akifqızı
Globalinfo.az