Sırxavənddə mina partladı: yaralı – YENİLƏNİB

Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.