ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış beynəlxalq mexanizm kimi təqdim olunsa da, onun fəaliyyəti faktiki olaraq status-kvonun qorunmasına və Azərbaycan torpaqlarının işğalının uzadılmasına xidmət etdi. Həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və nüvə dövlətləri olsalar da, qəbul etdikləri qətnamələrin icrasını təmin etmək əvəzinə, məsələyə selektiv yanaşaraq ikili standartlar nümayiş etdirdilər. Onların ortaq marağı Cənubi Qafqazda münaqişəni həll etməkdən çox, onu geosiyasi təsir vasitəsi kimi saxlamaq idi.
Prezident İlham Əliyev bu həqiqətləri illər ərzində açıq şəkildə dilə gətirərək Minsk qrupunun fəaliyyətsizliyini, riyakarlığını və birtərəfli yanaşmasını sərt tənqid edib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini öz gücü hesabına icra etdi və Minsk qrupunu faktiki olaraq tarixə qovuşdurdu.
Müharibədən sonra Azərbaycana gəlmək istəyən həmsədrlərə Prezident İlham Əliyevin “sizi mən dəvət etməmişəm, artıq sizə ehtiyac yoxdur” mesajı isə bu uğursuz institutun siyasi iflasının rəsmi təsdiqi oldu. Bu gün ATƏT-in Minsk qrupu diplomatiya tarixində nəticəsiz fəaliyyətin, ikili standartların, siyasi riyakarlığın və müstəmləkəçi təfəkkürün ən bariz nümunələrindən biri kimi xatırlanır.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ATƏT-in Minsk qrupu uzun illər ərzində Qarabağ münaqişəsinin ədalətli həllinə xidmət edən mexanizm kimi yox, status kvonu qoruyan, işğal faktını diplomatik proses adı altında uzadan bir platforma kimi yadda qaldı:
“ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, nüvə gücünə malik dövlətlərin həmsədrliyi ilk baxışda prosesə beynəlxalq çəki verməli idi. Lakin reallıqda bu format BMT TŞ qətnamələrinin icrasına təminat yaratmadı. Əksinə, həmin dövlətlər beynəlxalq hüququn qarantı olmaq əvəzinə, onun tətbiqinə seçici yanaşdılar. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələr kağız üzərində qaldı, Minsk qrupu isə bu ədalətsizliyi dəyişmək üçün real siyasi iradə göstərmədi. Bu mənada həmsədrlərin fəaliyyəti vasitəçilikdən çox, işğalın nəticələrini yumşaq şəkildə legitimləşdirməyə çalışan uğursuz diplomatik imitasiya təsiri bağışladı.
Prezident İlham Əliyev bu həqiqətləri illər boyu açıq şəkildə gündəmə gətirdi və beynəlxalq vasitəçilərin birtərəfli yanaşmasını ikili standartların nümunəsi kimi sərt tənqid etdi. Həmsədrlər 30 ilə yaxın müddətdə regiona səfərlər edir, bəyanatlar verir, kompromis çağırışları səsləndirirdilər, amma Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün konkret nəticə ortaya qoymurdular. Onların “münaqişənin hərbi həlli yoxdur” tezisi, əslində, Azərbaycana təslimçi sülhü qəbul etdirmək cəhdi kimi görünürdü. Bu yanaşma işğalçını deyil, öz torpaqlarını geri istəyən dövləti güzəştə məcbur edirdi. Halbuki onların gözləri qarşısında şəhərlər, kəndlər, tarixi abidələr dağıdılır, təbii sərvətlər talan edilir, qanunsuz məskunlaşma aparılırdı. Buna baxmayaraq, nə həmsədrlər, nə də onların xüsusi nümayəndələri bu cinayətlərə prinsipial münasibət bildirdilər. Bu mənzərə Minsk qrupunun vasitəçilik missiyasını mənəvi və siyasi baxımdan tamamilə gözdən saldı”.

Züriyə Qarayeva
Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın ədaləti özünün bərpa etməyə qadir olduğunu göstərdi:
“Azərbaycan öz tarixi qələbəsi ilə həm ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini özü həyata keçirdi. Müharibədən sonra həmsədrlərin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin onlara artıq ehtiyac qalmadığını açıq deməsi bu diplomatik iflasın ən dəqiq siyasi yekunu idi. Minsk qrupu öz missiyasını yerinə yetirmədi, çünki nə ədalətli vasitəçi ola bildi, nə də beynəlxalq hüququn işlək mexanizminə çevrildi. O, daha çox riyakarlığın, ikili standartların, böyük dövlət maraqlarının və müstəmləkəçi siyasi düşüncənin simvolu kimi tarixdə qalacaq. Azərbaycanın qələbəsi isə yalnız hərbi zəfər deyil, həm də 30 il davam edən yarıtmaz diplomatik oyunun sonu oldu”.
Turan Rzayev
Globalinfo.az