1000 manat maaşla yarım milyonluq maşını necə almaq olur?

1000 manat maaşla yarım milyonluq maşını necə almaq olur?

Hazırda ölkənin əksər regionlarında antikorrupsiya əməliyyatları davam edir. Araşdırmalar nəticəsində bəzi icra hakimiyyətləri və dövlət idarələrində mənimsəmə, korrupsiya halları aşkar edilib. Nəticədə bir sıra müxtəlif vəzifəli şəxslər saxlanılıb, onların arasında bəzi icra hakimiyyəti rəhbərləri ilə yaxın olan şəxslərin də adları çəkilir.

Belə bir zamanda rayon icra başçılarından birinin yarım milyon dəyərində avtomobil alması ilə bağlı xəbərin yayılması diqqət çəkib. İddia edilir ki, həmin şəxs 450 min manat dəyərində aldığı maşını başqa birinin adına rəsmiləşdirib, istifadə üçün isə sürücüsünə etibarnamə verilib.

Cəmi 3-4 ildir icra başçısı vəzifəsində çalışdığı deyilən məmurun sözügedən məbləğdə əmlak alması korrupsiya halına ilkin şübhə kimi dəyərləndirilə bilərmi? Bu kimi vəziyyətlərdə necə tədbir görülür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, belə hallarda araşdırma başladıla bilər:

1000 manat maaşla yarım milyonluq maşını necə almaq olur?

Şamil Paşayev

“Kütləvi informasiya vasitələrində qeyd olunan məlumatlarla əlaqədar şəxslər barəsində araşdırma aparıla bilər. Hüquq mühafizə orqanlarının yayılan məlumatların yoxlanılmasına tam ixtiyarı var. Əslində, dövlət qulluqçuları konkret gəlirləri və hansı əmlaka sahib olduqlarına dair deklarasiyalar təqdim etməlidirlər. Məsələn, aya 1000-3000 civarı əməkhaqqı alan şəxsin, 1-5 il ərzində yarım milyonluq əmlak əldə etməsi korrupsiya hallarını özündə ehtiva edə bilər. Bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparma səlahiyyətinə malikdirlər”.

“Bir şəxsin sahib olduğu əmlakın başqasının adına rəsmiləşdirilməsi halları da araşdırılmalıdır. Prokurorluq əmlakın həqiqi və qanuni sahibini müəyyənləşdirə bilər. Əgər biri 400-500 min dəyərində bir hədiyyə alıbsa, bu barədə də öz gəlir bəyannaməsində məlumatları təqdim etməlidir”, – o qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az