Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş verən son hadisə yollarla bağlı vəziyyəti yenidən gündəmə gətirib. Adətən belə hallarda aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atır, nəticədə problemin mənbəyi və məsul şəxs aydınlaşmır. Xüsusilə 28 yaşlı gəncin qəfil çökən asfalt örtüyünün qurbanı olması vətəndaşlarda yeni fobiya yaradıb. Necə deyərlər, artıq basdığımız yerə belə arxayın ola bilmirik.
Paytaxtda yol çökmələrinin artmasının səbəbi nədir? Bu hallara görə kim məsuliyyət daşıyır?
Globalinfo.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, bu gün təkcə Bakıda deyil, əksər bölgələrdə yollar təhlükəli durumdadır:
“Bu, təəssüf doğuran, lakin real mənzərədir. Əgər hadisə birbaşa yolun hərəkət hissəsində baş veribsə, bu zaman məsuliyyət yol təsərrüfatı qurumlarının üzərinə düşür. Yolun digər hissələri – piyada səkiləri, kənar elementlər də bu qurumların nəzarətindədir. Ancaq hadisə kanalizasiya, rabitə və digər kommunal xətlərin üzərində baş veribsə, bu zaman öhdəlik bölüşdürülür. İlk növbədə çökmənin səbəbi dəqiq araşdırılmalı, kim tərəfindən qazıldığı və niyə təhlükəsiz şəkildə bərpa edilmədiyi müəyyən olunmalıdır. Təəssüf ki, çox vaxt qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və məsələ unudulur”.
Elməddin Muradlı
Ekspert son baş verən olayın ciddi araşdırmalı olduğunu vurğulayıb:
“Günahkar olan şəxs və ya qurumlar məsuliyyətə cəlb edilməlidir. Bundan sonra bənzər halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Təəssüf ki, son illərdə yolların vəziyyəti olduqca pisləşib. Son dəfə Bakıya qar yağandan sonra bu hallar daha da artıb. Qar və ya yağışa davam gətirməyən yollar ciddi problemlər yaradıb. O hadisədən sonra bir çoxunda çöküntülər və dağıntılar baş verib, amma hələ də bütün bərpa işləri başa çatdırılmayıb. Bu da böyük problemlərdən biridir. Riskli hesab olunan ərazilər mütləq yoxlanmalı və vaxtında tədbir görülməlidir”.
Qeyd edək ki, bu il fevral ayının 20-dən 24-dək Bakıya güclü qar yağıb. Bu hadisədən sonra bir sıra yollar çöküb və dağıntılar qeydə alınıb.
Ləman Hüseynzadə
Globalinfo.az














