Bu ölkədəki səfirliyimizə hücum ola bilər – Bakıya ilk siqnal gəldi

Fransa Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” (persona non grata) elan edib. Rəsmi Paris Bakının fransalı diplomatlara qarşı oxşar həmləsinə cavab olaraq bu addımı atdığını açıqlayıb. Reallıq isə tamamilə fərqlidir.

Etirazın əsl səbəbi…

Ümumiyyətlə, kimisə “persona non grata” elan etmək ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.

Lakin rəsmi Bakı Fransa səfirliyinin iki əməkdaşını niyə “persona non grata” elan etdiyini arqumentlərlə açıqlayıb. Belə ki, həmin şəxslər diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “arzuolunmaz şəxs” elan olunub.

Qərar diplomatik etiket qaydaları çərçivəsində elan edilsə də, aydın məsələdir ki, Fransa səfirliyinin iki əməkdaşı kəşfiyyat xarakterli əməllərinə, habelə agentura şəbəkəsi ilə təmaslarına görə “persona non grata” elan olunub. Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsinin aşkarlanması da bunu təsdiq edir. Bu şəxslərin birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi faktı da aşkarlanıb. Məhz bundan sonra Fransa səfirliyinin iki əməkdaşı “persona non grata” elan edildi.

Fransa isə Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” elan etməsini arqumentləşdirmir, sadəcə, bunun Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olduğunu açıqlayır. Əslində, Parisin etirazı heç də səfirlik əməkdaşlarının “arzuolunmaz şəxs” elan edilməsinə deyil, Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlaradır. Çünki bu əməliyyatlar Fransa kəşfiyyatı və ümumilikdə Parisin nüfuzuna ağır zərbə oldu. Fransa bu fiaskonu çətin ki, asanlıqla həzm edə bilsin.

Parisin cavab addımı

Fransa Prezidenti Emmanuel Makron fiaskonun məsuliyyətini DGSE rəisi Bernar Emyeninin üzərinə atdı və onu vəzifəsindən azad etdi. B.Emyeni Makronun öz kadrı idi və “qara qutu”su hesab edilirdi. Yəni onun vəzifədən getməsi çox ciddi hadisədir.

Paris bu addımla daxili auditoriyanı sakitləşdirdi, lakin daha ciddi tədbirlərin görüləcəyi istisna deyil. Azərbaycan səfirliyinin iki diplomatının “arzuolunmaz şəxs” elan edilməsi ilk siqnaldır. Fransanın prosesi daha da gərginləşdirmə ehtimalları yüksəkdir. Xatırladım ki, 2022-ci il sentyabrın 18-də radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına ziyan vurulmuşdu. Analoji hadisənin təkrarlanması, hətta ermənilərlə yanaşı PKK radikallarının da prosesdə iştirakı mümkündür.

Bütün hallarda bu, ehtimaldır, yəni olmaya da bilər, lakin qabaqlayıcı tədbirlər görməkdə fayda var.

Turan Rzayev
Globalinfo.az