Petrosyanın 1992-ci ildə Şuşa haqqında dediyi söz aranı qatdı

“Ermənistanın müxalifət təmsilçiləri baş nazir Nikol Paşinyanı sərt tənqid edərkən irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar. Misal üçün Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Alma-Ata bəyannaməsini tez-tez hallandırmaqla manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb.

O, Zurabyanın yalan danışdığını sonrakı cümləsində etiraf etdiyini bildirib:

Sitat:

“Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” (əslində işğal – red.) etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsi ilə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”.

Politoloq deyib ki,  Zurabyan bu fikirlərlə Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur:

“Çünki Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? İkincisi, Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hansı məntiqlə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Tehranda Azərbaycanla sazişə imza atıb?

Zurabyanın məntiqi ilə çıxış etsək, Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatı ilə hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib, Ermənistana da nəzarəti ələ keçirməzdilər”.

Zaira Akifqızı
Globalinfo.az