“Aztelekom” və “Baktelekom”a sərt ittiham: “Özbaşınalığa son qoyulmalıdır!”

"Aztelekom" və "Baktelekom"a sərt ittiham: "Özbaşınalığa son qoyulmalıdır!"

“Antiinhisarın “Aztelekom” və “Baktelekom”-a qarşı cərimə və yüksək tariflərin ləğvi ilə bağlı icrası məcburi olan qərarından sonra bu qurumlar məhkəməyə müraciət edəcəklərini bildiriblər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, hər iki təbii inhisarçı doğru yolda deyil:

“Dirəşməyin yeri yoxdur. Görünən dağa bələdçi lazım olmaz. Hər iki dövlət operatoru dövlətə məxsus kabel-kanal infrastrukturundan, qovşaqlardakı resurslardan istifadə tariflərini ötən il qaldıranda düşünməliydilər ki, belə davam edə bilməz. Özəl provayderlər adi bir rabitə şkafı üçün qovşaqlara az qala bir otağın icarəsi qədər ödəniş edirdilər, kabel-kanal üçün icarə haqları hədsiz yüksəlib. Bu konflikt haradan qaynaqlanır?

Son iki ildə, RİNN-nin yeni rəhbərliyi dövründə provayderlər üçün biznes mühiti xeyli yaxşılaşmışdı. Onların sayı qısa zamanda 200-ə çatıb. Hər gün də artır. Əvvəlki qadağalar yoxdur.

Güman ki, bu iki dövlət operatoru da fikirləşib ki, özəl provayderlərin sayı belə artırsa, məhdud olan bazarda müştərilər özəllər tərəfindən daha çevik tarif siyasətiylə cəlb olunursa, onlar da 85 milyon krediti və gəlirlərini elə özəl provayderlər hesabına qazansınlar. Hansı ki, təbii inhisarçı üçün bu yolverilməzdir”.

"Aztelekom" və "Baktelekom"a sərt ittiham: "Özbaşınalığa son qoyulmalıdır!"

Osman Gündüz

O.Gündüz RİNN-in nə edə biləcəyini də izah edib:

“Düşünürəm ki, RİNN həmin dövlət operatorlarının bu özbaşınalığına son qoymalı, onları pərakəndə satış infrastrukturu ilə birgə özəlləşdirməyə hazırlamalıdır. Nazirlik resurslarını bu iki inhisarçının birləşdirilməsinin başa çatdırılmasına yönəltməli, onları sağlamlaşdırmalı və satışa çıxarmalıdır.

Aztelekom-un yenicə magistral provayder statusu alması bazarda situasiyanı daha da sərtləşdirəcək. Dövlət qurumunun həm magistral və həm də pərakəndə satışı əldə etməsi mühitin inkişafına xeyli xələl gətirə bilər. Fikrimcə, Nazirlik tənzimlənməyə daha çox güc verməlidir. İKTA-nın rolu gücləndirilməlidir.

Təbii inhisarçı olan, dövlət operatorları olan Aztelekom və Baktelekom gündə bir açıqlama verməli deyil, gündə bir tarif müəyyən etməli deyil, dünən vətəndaşa verdiyi seçim imkanını heç bir açıqlama vermədən bu gün ləğv etməli deyil.

Dövlət operatorları Antiinhisarla davaya hazırlaşmaqdansa GPON infrastrukturu genişləndirməyə, işləri canlandırmağa, krediti qaytarmaq üçün əlavə xidmətlər verməyə diqqət yetirsə daha yaxşı olardı”.

O.Gündüz deyib ki, 2024-cü ildə bütün ölkə üzrə internet problemi bitməlidir:

“Vaxt azdır, görüləcək işlər isə yetərincədir. Baş verənlər sektorda yeni formalaşmaqda olan normal biznes mühitinə, sağlam rəqabətə, sektorda yenicə formalaşan dövlət-özəl tərəfdaşlığa , RİNN -in bu istiqamətdə apardığı faydalı işlərə də xələl gətirir. Yaxşı olar ki, Nazirlik bu dövlət operatorlarının satışa çıxarılması, nə zaman özəlləşdirilməsi ilə bağlı açıqlamalar versinlər.

Nazirlik bütün ölkə üzrə apardığı, çox faydalı və vacib olan “Onlayn Azərbaycan” layihəsini yekunlaşdıran anda doğru olar ki, “Aztelekom” və “Baktelekom”-un pərakəndə internet satış infrastrukturunu özəlləşdirməyə çıxarsın. Nazirlik, dövlət tərəfindən kənddə və şəhərdə son istifadəçiyə internet satışı məsələsinə nöqtə qoymalıdır. Gözlənti budur. Antiinhisarla danışacaq qurum dövlət operatorları deyil, Nazirlik, İKTA olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az