Putinin Şuşa ilə bağlı planı nə olub? – Paşinyan açıqladı

“Şuşa nəzarətimizdə qalsaydı, müharibəni bizim tələblərimizlə dayandırmaq mümkün olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiya qarşısında ifadə verərkən deyib.

O bildirib ki, Azərbaycanın Şuşa tələbi ilə Rusiyanın məqsədi fərqli idi:

“Oktyabrın 19-da Rusiya Prezidenti mənə dedi ki, rəsmi Bakı əhalisinin 90%-ni azərbaycanlıların təşkil etdiyi Şuşaya qaçqın və məcburi köçkünlərin qayıdışı üçün təminat tələb edir. Rusiya buna onsuz da razı idi, çünki o deyirdi ki, qaçqın və məcburi köçkünlərin qaytarılması məsələsi illər öncədən münaqişənin nizamlanması planına daxil edilib. Ona görə də noyabrın 9-dan sonra Şuşanın da danışıqlar masasında müzakirə olunacağını bildirdi. Vladimir Putin təklif etdi ki, bu məsələ Qarabağın statusu ilə bir-birinə bağlı şəkildə həll edilsin. Amma Azərbaycan Prezidenti statusla bağlı heç bir məsələni müzakirə etməyəcəyini bildirərək bundan imtina etdi”.

Ayşən Mustafa
Globalinfo.az