Son günlər müşahidə olunan soyuq və yağışlı hava şəraiti mövsümi meyvələrin yetişmə prosesini ləngidib. Bir çox bölgələrdə temperaturun normadan aşağı olması və yağıntıların intensivliyi məhsulun bazara çıxma vaxtına təsir göstərir.
Mövcud durum iyun ayında meyvə və tərəvəzlərin bahalaşmasına səbəb olacaqmı?
Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, havaların soyuq keçməsi bəzi meyvə ağaclarına müəyyən ziyan vura bilər:
“Mart ayında şaxtalı hava yeni çiçək açan meyvə ağacları üçün risk yaradır. Bu, məhsuldarlığa müəyyən qədər təsir göstərə bilər. Amma digər tərəfdən yağışların çox olması otlaq sahələri üçün əlverişli şərait formalaşdırıb. Bu da heyvandarlığın inkişafına müsbət təsir edir. Otlaq sahələrinin zəngin olması yem bazasını gücləndirir, nəticədə maya dəyəri aşağı düşə və qiymət artımının tempi zəifləyə bilər. Əlbəttə, demirəm ki, qiymətlər tamamilə ucuzlaşacaq. Sadəcə, yem xərclərinin azalması müəyyən sahələrdə qiymətlərin sabit qalmasına təsir edə bilər”.
Meyvələrə gəlincə isə, iqtisadçı bildirib ki, məhsulun bazara çıxmasının bir qədər gecikməsinin ciddi problem yaradacağını düşünmür:
“İqlim dəyişiklikləri artıq dünyada müşahidə olunan prosesdir. Fəsillərin vaxtında müəyyən dəyişikliklərin olması təbiidir. Buna görə də düşünürəm ki, ciddi narahatlığa əsas yoxdur”.
Emin Qəribli
İqtisadçı qeyd edib ki, mövcud hava şəraiti xüsusilə heyvandarlıq sahəsi üçün daha müsbət nəticələr vəd edir:
“Bu il yağışlı və sərin hava şəraitinin olması mənfi hal deyil. Qiymət artımını isə yalnız hava şəraiti ilə əlaqələndirmək düzgün olmaz. Dünyada və regionda baş verən proseslər, xüsusilə İran ətrafında yaşananlar ərzaq bazarına daha ciddi təsir göstərir.
İqlim dəyişikliyinin birbaşa ciddi bahalaşma yaradacağını düşünmürəm. Fermerlər, xüsusilə meyvəçiliklə məşğul olan insanlar bildirirlər ki, builki hava şəraiti məhsuldarlıq baxımından pis görünmür. Əksinə, mövsümün bərəkətli keçəcəyini düşünənlər çoxdur”.
Zaira Akifqızı
Globalinfo.az