Fərid Şəfiyev: “Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasını istəməyən qüvvələr var”
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-da görüşünün gözlənildiyi vaxtda Qarabağda atəşkəsin pozulması, döyüşlərin başlaması, hər iki tərəfdən itki verilməsi bəzi politoloqlar tərəfindən belə yozulur ki, bu, görüşün baş tutmasını istəməyən qüvvələrin işidir.
Bəs bu versiya nə qədər əsaslıdır?
Baş verənlərin pərdəarxasını Globalinfo.az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev iki ölkənin ərazidə yerləşən silahlı qüvvələri arasında kommunikasiyanın yaradılmalı olduğunu bildirib:
“Dünənki təxribatla bağlı 3 əsas məqam var. Burada birinci problem sərhədin delimitasiya olunmamasıdır. Bu səbəblə ərazidə hər iki tərəfin hərbçilərinin hərəkəti dəqiq deyil, kimin hansı ərazidə olması suallar doğurur. İkinci məsələ Azərbaycan və Ermənistan orduları arasında kommunikasiyanın yoxluğudur. Tərəflər arasında əlaqə olmalıdır. Təəssüf ki, ermənilər Avropa İttifaqının mülki missiyasını bölgəyə cəlb edərək sanki məsuliyyəti üçüncü tərəfə yönəldiblər. Halbuki, bu məsələ iki ölkə arasında həll edilməlidir. Ərazidə müəyyən rabitənin mövcudluğu təmin edilməlidir ki, hansısa gərginliyin yaşanacağı təqdirdə orada olan səlahiyyətli şəxslər bir-biri ilə əlaqə saxlayıb məsələni aydınlaşdıra bilsinlər”.
Fərid Şəfiyev
F.Şəfiyev Bakı və İrəvanın sülh məsələsi üçün görüşünün bəzi ölkələrin marağına uyğun olmadığını bildirib:
“Bu təxribatın Vaşinqton görüşü ərəfəsində baş verməsi təsadüfi deyil. Ermənistanın daxilində Azərbaycanla sülh sazişinin imzalanmasını istəməyən qüvvələr var. Doğrudur, mövcud hakimiyyət özü də müəyyən məsələləri təxirə salmağa çalışır. Beləliklə geosiyasi vəziyyətin daha əlverişli olacağı təqdirdə Qarabağ məsələsini öz xeyrinə həll etməyi planlayır. Ümumilikdə Ermənistan ordusunda revanşist qüvvələr var. Onların bəziləri heç Nikol Paşinyanın hakimiyyətinə tabe deyillər, əvvəlki Köçəryan-Sarkisyan rejiminin adamlarıdır.
Vaşinqton görüşündə nə Rusiya, nə də İran maraqlı deyil. Ona görə Tehran bu məsələdən istifadə edərək sərhəddə kəşfiyyat dronları göndərir. Bu daha çox simvolik xarakter daşıyır. Sadəcə İranın Ermənistanın tərəfində olduğunu və prosesə müdaxilə edə biləcəyini göstərmək istəyirlər”.
Fərid Şəfiyev liderlərin Vaşinqtonda baş tutacaq görüşünün sülh sazişinin imzalanması prosesindəki rolundan söz açıb:
“Görüşün mahiyyəti və nəticəsini öncədən təxmin etmək çətindir. Hazırkı situasiya fərqlidir. Tərəflər arasında ciddi razılaşmanın əldə olunması üçün Ermənistan müəyyən addımlar atmalıdır. Amma yenə də sülh sazişi ilə bağlı prosesdə müəyyən inkişaf var. Ötən il baş tutan liderlərin son görüşündən də gözlənti böyük idi. İlin sonuna kimi müqavilənin imzalanacağına inanırdıq. Amma hələ daha çox işin görülməsinə ehtiyac var”.
Qeyd edək ki, aprelin 11-də Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən təxribat zamanı İranın sərhəddə kəşfiyyat məqsədilə dronlar göndərməsilə bağlı məlumatlar yayılmışdı. Həmçinin Ermənistan tərəfinin dünənki qarşıdurmada İran istehsalı dronlardan istifadə etdiyi bildirilir.
Ayşən Mustafa














