Xəbər verdiyimiz kimi, son günlər Suriyada vəziyyət yenidən gərginləşib. Təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında yaşanan silahlı qarşıdurmalar nəticəsində artıq 1300-dən çox insanın həlak olduğu açıqlanıb.
Bəzi eskpertlər prosesi sadəcə ələvi, nüseyri qiyamı kimi xarakterizə edirlər. Hətta bir sıra xarici KİV-lərdə də bu məsələ məzhəb mübarizəsi kimi dəyərləndirilir.
Ələvilik və nüseyrilik nədir? Bu iki inanc arasında nə kimi fərq var? Ələvilər və nüseyrilər İran şiəliyindən nə ilə fərqlənir?
Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu deyib ki, Suriyada ələvilər adlanan qrup elə nüseyri təriqətidir:
“Ələvilik ümumi mənada geniş anlayışdır. Nüseyrilik isə Suriyada 10-11-ci əsrlərdə yaranmış təriqətdir. Onlar əsasən Latakiya, Tartus və qismən Hums vilayətində yaşayırlar. Ələvilik kimi onların təriqətinin mərkəzində də İmam Əliyə (ə) sevgi dayandığı üçün ümumi olaraq eyni şəkildə adlanırlar. Lakin bununla belə nüseyrilik ismailiyə təriqətindən ayrılmış, İraq əsilli Əbu Şueyb Məhəmməd ibn Nüseyrin adı ilə bağlıdır.

Kənan Rövşənoğlu
Bu şəxs 9-cu əsrdə yaşayıb, onun 11-ci İmam Həsən Əskərinin xidmətçisi və tələbəsi olduğu güman edilir. Ancaq Nüseyrin təlimi daha çox Suriyanın dağlıq şimal-qərb bölgələrində yayılıb. Təriqətin inancının mərkəzində Məhəmməd Peyğəmbər (s), İmam Əli (ə) və səhabə Salman Farsi dayanır. Tam mərkəzdə isə Həzrət Əlidir (ə). “Batinliyə” yaxın təriqət hesab olunur, çox geniş yayılmayıb, qapalı qalıb.
Nüseyrilik, ələvilik və şiəlik çox ciddi fərqlənirlər. İlk növbədə ələvilik bir təriqətdir, sufi görüşdür. Şiəlik, yəni cəfəri məzhəbi isə fiqh məktəbi – məzhəbdir. İranla onların heç bir inanc bağı yoxudr. Yeganə bağ Həzrət Əliyə (ə) olan sevgi və onun vilayətini (yəni imamətini) qəbul eləməkdir”.
Turan Rzayev
Globalinfo.az














