Fransada son illərin ən ciddi quraqlıqlarından biri səbəbindən ölkə üzrə su istifadəsinə geniş məhdudiyyətlər tətbiq olunub.

Globalinfo.az xəbər verir ki, məlumata görə, hökumət su ehtiyatlarını qorumaq məqsədilə bütün 99 departamentdə müxtəlif səviyyəli məhdudiyyətlər tətbiq edib. Onlardan 43-ü artıq ən yüksək – “böhran” səviyyəsinə çatıb.

Fransanın ekologiya və keçid naziri Monik Barbu bildirib ki, ölkədə müşahidə olunan quraqlıq fövqəladə xarakter daşıyır. Onun sözlərinə görə, su istifadəsinə məhdudiyyətlərin mövsüm üçün adi vaxtdan daha erkən tətbiq edilməsi vəziyyətin ciddiliyini göstərir.

Nazir qeyd edib ki, yay yağışlarının mövsüm normaları daxilində olmasına baxmayaraq, quraqlığın güclənməsi iqlim dəyişikliyinin su dövranına mənfi təsirinin göstəricisidir. Bu səbəbdən ölkə üzrə 206 inzibati qərarla su istifadəsinə müxtəlif məhdudiyyətlər qüvvəyə minib.

Fransa hakimiyyəti vətəndaşları sudan daha qənaətlə istifadə etməyə çağırıb və quraqlıqla mübarizə tədbirlərinin hava şəraitinə uyğun olaraq davam etdiriləcəyini açıqlayıb. Hazırda bu addımı atan ölkələrin sayı artmağa davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: