Əvəz Zeynallının sol gözü tutuldu: “Səlim Müslümov kimi…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” YouTube kanalının rəhbəri Elnur Şükürovun məhkəmə prosesi keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Rəşad Əliyev Əvəz Zeynallının səhhəti ilə bağlı vəsatət qaldırıb.

Vəkil Əvəz Zeynallının gözlərindəki problemin müalicə olunsa da, heç bir irəliləyiş olmadığını, sol gözünün artıq görmə qabiliyyətini itirdiyini bildirib. Bununla bağlı, əlavə tədbirlərin görülməsini məhkəmədən istəyib.

Məsələyə münasibət bildirən Əvəz Zeynallı deyib:

“Sağ gözümü tutanda, sol gözümlə ancaq qaranlıq görürəm. Katarakta əməliyyatı olmalıyam. Sol gözüm artıq görmür”.

Hakim Əli Məmmədov bu barədə Pentensiar Xidmətə və Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirilib.

Daha sonra, Əvəz Zeynallının vəkili Aqil Layıc çıxış edib.

O, çıxışında müdafiə etdiyi şəxsə Səlim Müslümov qədər humanist yanaşılmasını istəyib:

“Əvəz Zeynallı əsas iki epizod üzrə ittiham olunur, həmin epizodlar isə heç inandırıcı səslənmir. Əvəz Zeynallı cinayətkar deyil. Sabiq sosial müdafiə naziri Səlim Müslümova göstərilən humanist yanaşmanın Əvəz Zeynallıya da göstərilməsini istəyirik”.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.