“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi Ankaranın Cənubi Qafqaz siyasətinin Azərbaycanla münasibətlər üzərində qurulduğunu deməsi önəmli məqamdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Yeganə Hacıyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən “14-cü Səfirlər Konfransı” çərçivəsində çıxışı zamanı Azərbaycan və region haqda dediklərini şərh edərkən deyib.
O bildirib ki, cənab Ərdoğan çıxışında Azərbaycana böyük yer ayırıb:
“Çıxışda Azərbaycanla bağlı 10-dan artıq məsələyə toxunulsa da, hesab edirəm, bunlardan ən önəmlisi Türkiyə-Azərbaycan münasibətləri və regional məsələlər oldu.
Ümumiyyətlə, Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanla bağlı məsələlər həlledici rol oynayır. Yəni rəsmi Bakını narahat edən nüanslar həm də Ankaranı narahat edir. Misal üçün, Qarabağ məsələsində Türkiyə Azərbaycana tam dəstək verir. Elə cənab Ərdoğan da bu məsələyə çıxışında yer verib. Bu belə onu göstərir ki, Türkiyə həmin məsələni həm də öz məsələsi olaraq görür.
Bu gün Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə münasibətləri yüksək səviyyədə inkişaf edib. Buna da toxunan Türkiyə Prezidenti münasibətlərin inkişaf edəcəyini dedi. Ümumiyyətlə, hazırda iki ölkənin münasibətləri təkcə fərdi deyil, həm də regional xarakterlidir. Yəni Bakı-Ankara müttəfiqliyi genişlənərək digər region ölkələrini də əhatə edə bilər. Bu həm də regiona təhdid yaradacaq ünsürlərə qarşı vahid mübarizə deməkdir”.
Turan Rzayev
Globalinfo.az